Ən çox bombardman edilən şəhər: Mariupol niyə bu qədər önəmlidir? - Rusiya bundan sonra...

Ən çox bombardman edilən şəhər: Mariupol niyə bu qədər önəmlidir? - Rusiya bundan sonra...
Ukraynanın cənub-şərqindəki liman şəhəri Mariupol Rusiyanın ən çox bombardman edilən və zərər çəkmiş şəhəri olub. 
 
Mariupolun Moskvanın Ukraynadakı hərbi əməliyyatı üçün çox vacib olduğunu bildirilir. Bəs, bunun səbəbi nədir?

Sfera.az bildirir ki, Mariupolun alınmasının Rusiya üçün mühüm strateji qazanc və Ukrayna üçün böyük zərbə olmasının səbəbləri var. Coğrafi baxımdan Mariupol şəhəri xəritədə kiçik bir ərazini tutsa da, Krım yarımadasından səfərbər olan Rusiya qüvvələrinin qarşısında dayanır. Bu qüvvələr Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyayönlü separatçı qüvvələrlə döyüşmək üçün şimal-şərqə doğru irəliləmək istəyirlər.
 
Britaniya Birləşmiş Qüvvələr Komandanlığının keçmiş komandanı general Riçard Barrons Mariupolun alınmasının Rusiyanın müharibə səyləri üçün həyati əhəmiyyət daşıdığını deyib: 

"Ruslar bu müharibəni uğurla başa vurduqlarını hiss etdikdə Rusiyadan Krıma quru körpüsünü tamamlamış olacaqlar və bunu böyük strateji nailiyyət kimi görəcəklər. Mariupol ələ keçirilərsə, Rusiya da Ukraynanın Qara dəniz sahil xəttinin 80 faizindən çoxuna tam nəzarəti ələ keçirəcək, dəniz ticarətini kəsəcək və onu dünyadan daha da təcrid edəcək”.

Qeyd edilir ki, Rusiya Mariupola nəzarəti ələ keçdikdən sonra min nəfərlik batalyonlardan ibarət taktiki qruplar şəklində təşkil edilmiş 6 minə yaxın əsgərindən Ukrayna ətrafındakı digər rus cəbhələrini gücləndirmək üçün istifadə etməyi planlaşdırıb. 

Digər tərəfdən, Mariupol uzun müddət Qara dənizin bir hissəsi olan Azov dənizində strateji əhəmiyyətli liman şəhəri olub. O, Azov dənizi regionunun ən böyük limanıdır və mühüm dəmir-polad zavoduna malikdir. Mariupol Yaxın Şərqdə və ondan kənarda müştərilərə polad, kömür və qarğıdalı üçün Ukraynanın əsas ixrac mərkəzidir. 2014-cü ildə Moskva Krımı ilhaq edəndən bəri Mariupol yarımadadakı Rusiya qüvvələri ilə müstəqilliyini elan etmiş Donetsk və Luqansk respublikalarındakı kremlpərəst separatçılar arasında qalıb. Bu şəhərin itirilməsi Ukrayna iqtisadiyyatına böyük zərbə olacaq.

Rusiyanın Mariupolu ələ keçirməsi bu müharibədə hər iki tərəf üçün psixoloji əhəmiyyət kəsb edir. Belə ki, Rusiyanın şəhərdəki qələbəsi Kremlə dövlətin nəzarətində olan media vasitəsilə ictimaiyyətə Putinin öz məqsədlərinə çatdığını və irəliləyiş olduğunu göstərməyə imkan verəcək. Rusiya prezidenti üçün bu müharibənin tarixi əhəmiyyəti var. Putin Ukraynanın Qara dəniz sahilini Novorossiya (Yeni Rusiya) kimi görür. Putin bu konsepsiyanı "rusları Kiyevdə qərbyönlü hökumətin təqiblərindən xilas etməsi” kimi canlandırmaq istəyir. Mariupol isə bu məqsədə çatmaq yolunda əngəl törədirdi. Amma ukraynalılar üçün Mariupolun itirilməsi təkcə hərbi və iqtisadi cəhətdən deyil, həm də bölgədə döyüşən və öz ölkəsini müdafiə edən kişi və qadınların mənəviyyatına böyük zərbə kimi qiymətləndirilir. 

Xatırladaq ki, az öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rusiyalı hərbçilərin Mariupolda nəzarəti ələ keçirdiklərini elan edib. Marriupol daha az strateji əhəmiyyət kəsb edən Xersondan sonra nəzarət altına alınan ilk böyük şəhərdir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR