Rusiya köhnə taktikasına qayıtmaq istəyir... - "Göndərilən silah və sursatlar Ukraynaya çatacağı halda..."

Rusiya köhnə taktikasına qayıtmaq istəyir... -
Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, Ukrayna ilə bağlı istənilən sülh danışıqlarının uğursuzluqla nəticələnməsi ehtimalı var, çünki Vladimir Putinlə danışıqlar "artıq ayağından yapışmış timsah”la sövdələşməyə bənzəyir.
 
Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov dünən Rusiya tərəfinin Ukraynaya sülh sazişi ilə bağlı sənədin təqdim edildiyini açıqlayıb. Ukraynadan cavab gözlədiklərini bildirən Peskov "Top Kiyevin meydançasındadır”, deyə söyləyib. Ardınca Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın artıq Ukraynanın danışıqlar qrupuna etibar etmədiyini, Zelenskinin müstəqil olmadığını və prosesi idarə edənlərin olduğunu bildirib.

Maraqlıdır, bu hadisələr fonunda Rusiya və Ukrayna nə zaman, hansı halda sülh danışıqları masasına otura bilər? Danışıqları kimlər ləngidir?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Dmitri Peskovun Ukrayna tərəfinə danışıqların davam etdirilməsi üçün təkliflər paketinin təqdim olunmasını bildirməsi, heç də Rusiyanın danışıqlara başlamaq və müharibəni bitirmək fikrində olduğunu dəlalət etmir:

"Rusiya danışıqlara başlamaq fikrində olsaydı, İstanbul müzakirələrində razılaşdırılan məsələləri davam etdirməklə başlayardı. Bildiyiniz kimi, İstanbuldan sonra Rusiya tərəfi Ukraynanın əldə olunan razılaşmanı pozaraq yenidən şərtlər irəli sürdüyünü bildirdi. Düşünürəm ki, Rusiya tərəfinin yeni təşəbbüsü cəbhədə yaranan vəziyyətlə bağlıdır və çox ciddi şəkildə hücum əməliyyatı aparmasına baxmayaraq ciddi nailiyyətlər əldə edə bilmir. Ukrayna ordusunun isə müqaviməti hər keçən gün daha da artır, Ukrayna ordusuna NATO və ABŞ tərəfindən edilən yardımların səciyyəsi də dəyişir”.

Müsahibimiz bildirib ki, Rusiya, nəzərdə tutulan silah və sursatın Ukraynaya çatacağı halda, vəziyyətin onlar üçün daha da acınacaqlı olacağının fərqindədir:

"Buna görə də Rusiya bir tərəfdən hücumu davam etdirir və digər tərəfdən isə öz şərtləri daxilində danışıqlara getməyə hazır olduğunu bildirir. Düşünürəm ki, Rusiyanın bu təklifi də geri çevriləcək. Çünki Ukraynanın cəbhədə vəziyyəti düzəldikcə, danışıqlarda da yeni şərtlər ortaya çıxacaq. Zaxarovanın Ukraynanın danışıqlar qrupuna artıq etibar etmədiklərini səsləndirməsi, danışıqlarla bağlı Rusiyada yekdil fikrin olmadığına işarədir, həmçinin danışıqların subyektinin dəyişmək istiqamətində cəhdlər edildiyindən xəbər verir. Əlbəttə ki, elə müharibənin əvvəlindən Rusiya Ukraynadan daha çox NATO və ABŞ-la danışıqların aparılmasına cəhd edirdi. Axı NATO və ABŞ-ın Rusiyaya zəmanət verməsi, yaxud danışıqların daha yüksək səviyyədə aparılması geniş imtiyazların əldə olunması deməkdir”.

Politoloq qeyd edib ki, müharibədən iki ay keçdikdən sonra Rusiya yenidən danışıqların köhnə taktikasına qayıtmaq istəyir: "Düşünürəm ki, Rusiyanın bu cəhdi də cavabsız qalacaq və Rusiya əvvəl-axır danışıqlar masasına Ukrayna heyəti ilə oturmalı olacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR