Elm ocağı, yoxsa kriminal ünsür məkanı... - Üzərində kəsici alət gəzdirən məktəblilərə görə kim məsuliyyət daşıyır?
Media
16:55 / 13.04.2022
1787
Ötən gün Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub. Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Son zamanlar təəssüf ki, bu tip xəbərlərlə çox qarşılaşırıq. Üzərində bıçaq kimi kəsici alətlər olan məktəblilərin sayında artım müşahidə olunur.
Bu hal nədən irəli gəlir, məsuliyyəti kimlər daşımalıdır?
Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil üzrə ekspert Ramal Şəmşədli deyib ki, burada nə müəllimlər, nə də valideynlər günahkardır:
"Birinci dərəcəli günahkar sosial media və televiziya verilişləridir. Kriminal aləm, cinayət, mafya ilə bağlı xəbərlər o qədər gündəmdə qalır, işıqlandırılır ki, gənclərə ciddi mənada təsirləri olur. Bu tərz şeylər yayıldıqca, istər-istəməz gənclər də görür, təsirə düşürlər. Məsələn, bıçaq, silah, narkotik kimi şeylərə meyl edirlər. Sosial medianın təbliğatı gənclərimizin inkişafında böyük rol oynayır, amma təəssüf ki, bu gün ölkəmizdə ən çox müzakirə olunan məsələlər cinayətlər, oğurluq, dava və s.-dir. Ölkədə ən reytinqli veriliş nədirsə, cəmiyyətimizin də psixologiyası ona uyğundur. Bunun qarşısı alınmalıdır. Əvvəllər efirdə saçyoldu, dava-dalaş göstərilmirdi, amma indi şou yaratmaq adına bunlara da əl atılır, uyğunsuz davranışlar sərgilənir. Bütün bunlar təbii ki, uşaqların psixologiyasına zərər vurur. İkinci bir tərəfdən, məktəblərdə psixoloqun olmağı çox vacibdir. Bizdə təhsil ocaqlarındakı psixoloqlar düzgün fəaliyyət göstərmir, sadəcə ştat olaraq mövcuddurlar. Hansı məktəbə bu dəqiqə zəng vursanız, görəcəksiniz ki, uşaqlar özü də psxioloq nədir bilmirlər”.
Müsahibimiz sözügedən faktın ciddi problem olduğunu vurğulayıb:
"Niyə məhz özəl məktəblərdə, pullu liseylərdə dərs alan uşaqlarla bağlı cinayət xarakterli hadisələr, müəllimlərə qarşı hörmətsiz davranışların sərgilənməsi baş vermir, amma dövlət məktəblərində bu hallara rast gəlinir? Çünki çox böyük ciddiyətsizlik var. Artıq direktorların belə istirahəti qalmayıb. Yeri gəlmişkən, maraqlıdır ki, "Məktəblinin dostu”nun işi nədir, niyə var? Onlar uşaqların yanında olmaq, tədbirlər keçirmək, görüşlər təşkil etmək və s. kimi şeylərlə məşğul olmalıdır, yoxsa məktəbin qapısının ağzında dayanıb kimin gəlib-getdiyi ilə bağlı məlumat verməlidir? Bu, artıq məktəblinin dostu deyil. Tanıdığımız məktəb direktorları da var ki, artıq bu vəzifəsini icra etmək istəmirlər, çünki hörmətləri qalmayıb. Nə bu günkü gündə müəllimlərə, nə də direktorlara hörmət var. Bu, acı gerçəkdir. Uşağa yüksək tonla nəsə demək, əl qaldırmaq olmaz, dərhal müzakirəyə qoyulur. Bəs yaxşı, uşaq evdə dəcəllik edəndə valideyn əl qaldırmırmı, qışqırmırmı? Budur vəziyyət. Müəllim öyərdicidir, amma ondan həm də çəkinmək lazımdır. Bu gün nə ibtidai, nə orta təhsil alan şagirdlərin heç biri müəllimlərdən çəkinmir, hamısı hədə-qorxu gəlir. Müəllim də qorxur ki, kimsə qıraqdan onu kameraya çəkər, işdən qovarlar və s. Müəllimə hörmət olmayan bir cəmiyyətlə belə bıçaqlanma hadisəsi də, cinayət də, narkotik vasitələrdən istifadə də artacaq”.
Günay Rəsulqızı
Sfera.az