“Rusiyanın bu addımı İkinci Dünya Müharibəsi qədər qanlı olacaq” - NATO-ya KRİTİK XƏBƏRDARLIQ
Media
11:43 / 08.04.2022
3050
Ukrayna Rusiya qoşunları ilə toqquşma istiqamətinin Donbasa keçəcəyi ilə bağlı NATO-ya xəbərdarlıq edib.
Sfera.az-ın məlumatına görə, Kiyev administrasiyası lazımi hərbi yardım verilmədiyi təqdirdə Donbass savaşının İkinci Dünya Müharibəsi qədər qanlı olacağını bildirib. Ukrayna rəsmiləri belə bir halda Qərb dövlətlərinin qəbul etdikləri və gələcəkdə qəbul edəcəkləri sanksiya qərarlarının heç bir effekt verməyəcəyindən ehtiyat ediblər.
Ötən gün Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısında çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da, "Ya indi bizə kömək edə bilərsiniz, ya da bütün yardımlar üçün çox gec olacaq. Rus qoşunları Donbasa toplaşana qədər bizə lazım olan hava hücumundan müdafiə sistemləri, döyüş sursatı, zirehli texnika və reaktiv təyyarələr olmadan daha çox insan həyatını itirəcək”, - deyə söyləyib.
Kulebanın bu xəbərdarlığından sonra NATO-nun baş katibi Yens Stoltenberq də təşkilatın Ukraynaya irimiqyaslı silah yardımını davam etdirəcəyini və bununla kifayətlənməyəcəyini, həm də kiberhücumlar, kimyəvi və bioloji silah təhdidləri ilə bağlı yardım edəcəyini açıqlayıb.
Stoltenberq, həmçinin Putinin geri çəkilmə planının olmadığını və son məqsədinin Ukraynanı tamamilə idarə etmək, cəbhədə uğur qazanaraq işğalçılıq məqsədinə çatmaq olduğunu bildirib: "Rusiya qoşunlarını yenidən qruplaşdırır və mövqelərini dəyişir. Biz Donbassda çox böyük münaqişə gözləyirik, bu uzun müharibəyə hazır olmalıyıq. Müharibə həftələr, aylar və hətta illərlə davam edə bilər. Ona görə də biz daha çox hazırlaşmalı və bu imkanlara uyğun hərəkət etməliyik”.
Xatırladaq ki, Rusiya müharibə başlayandan bəri ilk dəfə olaraq dünən ordusunun verdiyi böyük itkilərlə bağlı açıqlama verib. Kremlin sözçüsü Dmitri Peskov "Sky News” telekanalına müsahibəsində Rusiyanın hərbi cinayətlər törətdiyinə dair iddiaları təkzib edərək, çoxlu sayda əsgər itirdiklərini deyib: "Əhəmiyyətli itkilər var. Bu, bizim üçün böyük faciədir".
Sfera.az