İrəvandakı aksiyaların PƏRDƏARXASI - Paşinyan Brüssel görüşü öncəsi son kartını oynadı

İrəvandakı aksiyaların PƏRDƏARXASI - Paşinyan Brüssel görüşü öncəsi son kartını oynadı
Dünən Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında təşkil edilən etiraz aksiyası ciddi suallar doğurur. Aksiyanın Brüssel görüşü öncəsi təşkil edilməsi aksiyanın Paşinyan hakimiyyəti tərəfindən təşkil edildiyi ya da ümumiyyətlə aksiyanın keçirilməsində iqtidarın maraqlı olduğu versiyasını yaradır.

Prinsip etibarilə bu versiya mümkündür. Çünki bugünkü Brüssel görüşü Paşinyan üçün heç də asan keçməyəcək. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə Ermənistan Baş naziri Nikol Paşinyanı sözün əsl mənasında küncə sıxışdıracaq. Görünür bunu Paşinyan da bilir və buna görə də Brüsseldə Azərbaycan Prezidentinin mümkün istəklərinin qarşısını almaq üçün belə bir yola əl atır.

Aksiyanın parlamentin müxalif "Ermənistan” və "Şərəf duyuram” fraksiyalarının təşkilatçılığı ilə keçirildiyi deyilir. Mitinqdə müxalifət liderləri Serj Sarkisyan, Naira Zohrabyan, İşhan Saqatelyan və sairləri iştirak edib.

Müxalifət aşağıdakı tələbləri irəli sürü:

1. Ermənistan Qarabağın təhlükəsizliyinin və öz müqqədaratının təyin etməsinin qarantı olmalıdır.

2. Qarabağa Azərbaycanın tərkibində hər hansı status verilməsi rədd edilməlidir.

3. Qarabağ anklav olmamalıdır. Etibarlı quru sərhəddi istənilir.

4. 1994-cü ildə ATƏT sammiti çərçivəsində qəbul edilən danışıqlar formatı bərpa edilməlidir.

5. Dəhliz verilməməlidir.

6. Sərhədlərin demarkasiyası və delimitasiyası hələlik reallaşmamalıdır.

7. Qarabağdakı ermənilərin müqqəddəratı təyin edilməli, bu mövzuda onların hüquqlarını daraldacaq heç bir sənəd imzalanmamalıdır.

8. Türkiyə ilə danışıqlarda "soyqırımı" sual altına qoyacaq heç bir sənədə imza atılmamalıdır.

Müxalifətin tələblərinə baxdıqda Paşinyanın nə etmək istədiyi haqda fikir formalaşır. Belə ki, əksər tələblər rəsmi Bakının İrəvandan tələbləri ilə eynilik təşkil edir.
 
Hesab edirəm ki, Nikol Paşinyan bununla ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaq istəyir. Paşinyan həm də Qərbdəki havadarlarına Azərbaycanın tələblərinin onun hakimiyyətinə təhlükə yaratdığı təəssüratı bağışlayır.
 
Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR