Üçtərəfli görüşdən GÖZLƏNTİLƏR - Rusiyanın reaksiyası necə olacaq?
Görüşün hansı formatda keçiriləcəyi bəlli deyil.
Maraqlıdır, danışıqlar zamanı yekun nəticə almaq mümkün ola biləcək? Vasitəçi tərəfin Avropa İttifaqı olması Rusiyanın hansı şəkildə reaksiya verməsi ilə nəticələnə bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətovdanışıqlar masasında mina xəritələrinin veriləcəyini və problemli məsələlərin həlli istiqamətində müzakirələrin aparılacağını deyib:
"Görüşdə Azərbaycan və Ermənistan arasında mübahisəli qalan məsələlərin müzakirəsi aparılacaq. Xüsusilə tərəflər arasında ərazi bütövlüyünün tanınması, delimitasiya və demarkasiya işlərinin aparılmasının nizama salınması aktual olacaq. Burada digər maraqlı məsələ ondan ibarətdir ki, Ermənistan tərəfindən Azərbaycana verilən mina xəritələrində yanlışlar var və görüşdə düzgün xəritələrin verilməsi məsələsi aktuallaşa bilər. Eyni zamanda 92-ci ildən əsir götürülən vətəndaşlarımızın taleyi ilə bağlı mövzu da gündəmdə ola bilər”.
Politoloq Rusiyanın görüşlə bağlı iradının olduğunu da sözlərinə əlavə edib:
"Rusiya istəməz ki, onun nəzarətində olan münaqişəyə hansısa ölkə müdaxilə etsin. Bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirdi. Rusiya nəzarət mexanizminin itməsini istəməsə də reallıq fərqlidir. Bu məsələyə Avropa İttifaqının müdaxiləsi həm Paşinyanın, həm də Azərbaycan Prezidentinin maraq dairəsindədir. Belə ki, Azərbaycanın Aİ ilə xüsusilə enerji məsələləri ilə əlaqədar güclü əməkdaşlığı var. Rusiyanın görüşə narazılığı olsa belə, tərəflərin iradəsi nəticəsində danışıqlar baş tutacaq”.
Əzizə Zeynal
Sfera.az





