Azərbaycanlı deputatdan rus siyasətçinin "İskəndər" hədəsinə CAVAB
Media
16:14 / 02.04.2022
2713
Rusiya Dövlət Dumasının daha bir deputatı, Müdafiə komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Belə ki, o, Rusiyanın "Realist” İnformasiya Agentliyinə müsahibəsində hər iki ölkəni "Kalibr" və "İskəndər" raketləri ilə hədələyib.
Maraqlıdır, Mixail Delyaginin və Aleksandr Şerinin Azərbaycana qarşı təxribat və təhdid xarakterli fikirlər səsləndirmələrinin arxasında nələr dayanır?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Müşfiq Cəfərli rusiyalı deputatların məqsədlərinin Azərbaycanla əlaqələri pozmaqdan ibarət olduğunu bildirib. Millət vəkili fikirlərini belə əsaslandırıb:
"Rusiyalı deputat Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Bu fikirlər daha əvvəl Azərbaycanı hədələyən həmkarının fikri ilə üst-üstə düşür.
Mən düşünürəm ki, burada əsas məqsəd Azərbaycanla Rusiya arasında olan münasibətləri zədələməkdən ibarətdir. O, müsahibəsində qeyd edib ki, hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Lakin görünən odur ki, rusiyalı deputat unudur ki, indiki durumda Rusiyaya qarşı heç bir sanksiyalara qoşulmayan ölkələrdən biri də məhz Azərbaycandır. Mən Aleksandr Şerinə yenicə imzalanmış Mütəffiklik haqqında bəyənnaməni xatırlatmaq istərdim. Azərbaycan dövlətinin duma deputatının qeyd etdiyi kimi həll olunmamış məsələsi qalmayıb. Azərbaycan öz ərazi bütövlüyünü əvvəlcə 44 günlük şanlı mübarizəsi ilə sonra isə məhz Rusiyanın imzası ilə təsdiqlənən sənədlə bərpa edib. Mən düşünürəm ki, Aleksandr Şerin bu çıxışıyla məhz öz hökumətinin imzasına hörmət etmir".
Deputat Aleksandr Şerinin bundan əvvəlki fəaliyyətinə də diqqət çəkib:
"Mixail Delyagin də eyniylə Aleksandr Şerin kimi ölkəmizin neft sənayesini raketlərlə vurmaq çağırışını etmişdi. Təəssüf ki, hər iki deputatın bu fikirləri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata və "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə qarşı çıxmaq deməkdir.
Aleksandr Şerin Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqda bəyannamənin imzalanmasına münasibət bildirərkən demişdi ki, Türkiyə Azərbaycanda hərbi baza aça bilər və qeyd edirdi ki, Azərbaycan Türkiyə vasitəsilə NATO ilə yaxınlaşmağı hədəfləyir. Bunu Rusiya üçün təhlükə mənbəyi kimi qələmə verirdi.
Ümumiyyətlə, Aleksandr Şerin siyasi fəaliyyəti boyunca Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yaddaşdadır".
Əzizə Zeynal
Sfera.az