Uşaqlar oruc tuta bilər? – İlahiyyatçı “hə”, pediatr “yox” dedi - AÇIQLAMA

Media
12:04 / 01.04.2022
4542
Bəzi
hallarda valideynlər Ramazan ayında azyaşlı uşaqları gün ərzində oruc olmağa
cəlb edir. Uşaqlar tam, yaxud yarım gün olmaqla oruca təhrik olunur.
Maraqlıdır,
dində bu məsələ necə tənzimlənir? Uşaqların tam, yaxud yarım gün olmaqla oruca təhriki tibbi baxımdan doğrudurmu?

Mövzu
ilə bağlı Sfera.az-a danışan ilahiyyatçı Tural İrfan orucluq anlayışında yarım
gün oruc tutmaq məsələsinin doğru olmadığını deyib.
Müsahibimiz uşaqları oruca
təşviq etməyin doğru olduğunu bildirib:
"Ramazan ayında
mükəlləf olan şəxslərin oruc tutması vacibdir. Mükəlləf olanlar müsəlman, həddi buluğa çatmış,
sağlam, səfərdə olmayan, qoca olmayan insanlardır. Uşaqlar əgər həddi-buluğa
çatmayıbsa, onların oruc tutması vacib deyil. Ancaq valideynlər onları təşviq
edə bilərlər. Bir şərtlə ki, məcbur etməsinlər. Çünki dində məcburiyyət yoxdur.
Ümumiyyətlə, dində yarım gün oruc tutmaq yoxdur. Kimisə oruca
öyrəşdirmək məqsədi ilə də olsa da, olmaz. Çünki İslam dininə görə dinə əlavə
etmək, özündən ibadət forması çıxarmaq haram və yasaqdır. Uşaqları oruca təhrik
yox, təşviq etmək olar.
Oruc tutmaq ibadət etməklə yanaşı, həm də sağlamlıq üçün
faydalıdır. İnsanın mətinliyi, aclığa dözümlülüyü baxımından gözəl proqramdır. Əgər həddi-büluğa çatmış uşaqların həvəsi və istəyi olarsa, oruc tutması gözəldir.
Qurani Kərimdə ayələr
var ki, dində məcburiyyət yoxdur. Yəni insanı hansısa əqidəyə, ibadətə zorla
cəlb etmək olmaz. İbadət könüllü olan və könüllə olan bir məsələdir”.

Məsələnin tibbi tərəfi
ilə bağlı açıqlama verən pediatr Vaqif Qarayev isə oruc tutmağın uşaqlar üçün
zərərli olduğunu bildirib:
"Uşaqları oruc tutmağa
məcbur etməsək yaxşıdır. Onsuz da son illər pandemiya ilə bağlı onların qida
rejimi pozulub. Uşaqlar daha çox idmana getsin, açıq havada çox olsunlar.
Onlar üçün bol əyləncələr fikirləşsəniz yaxşı olar. Məcburi aclıq bir çox
xəstəliklərə yol açacaq”.
Əzizə Zeynal
Sfera.az