\"Putin və Şoyqu bunkerdə gizləniblər\" - Nüvə silahını işə salmağa hazırlaşırlar?

14:55 / 30.03.2022
2167
Rusiyadan olan yüksək səviyyəli şəxslərin təyyarə hərəkətlərini izləyən araşdırmaçı jurnalist Xristo Qrozev prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə bağlı diqqət çəkən iddia irəli sürüb.
Sfera.az bildirir ki, Xristonun sözlərinə görə, Kremlin yüksək rütbəli rəsmilərinin istifadə etdiyi təyyarələrin hərəkəti Putinin Qərbi Sibirdə Surqut yaxınlığındakı bunkerdə ola biləcəyini göstərir. Həftələrlə müəmmalı şəkildə yoxa çıxan və ekranda görünməsinə baxmayaraq səhhəti ilə bağlı söz-söhbətlər davam edən Şoyqunun da Moskvadan 1600 km aralıda Ufadakı bunkerdə olduğu güman edilir.
Qrozev fikirlərini bu cür ifadə edib: "Tam əminəm ki, Şoyqu bunkerdədir. Təyyarəsinin hərəkətindən sonra biz onun Ufaya çox tez-tez uçduğunu görürük. Bu ərazidə möhkəm mühafizə olunan bunkerlərin olduğunu bilmək bizə onun yaşayış yeri ilə bağlı dəqiq məlumat verir. Putin isə yəqin ki, başqa yerdədir, çünki gizli uçuşlar müşahidə edilir. Bunlar dövlət təyyarələridir və Surqut ətrafında siqnal ötürücü cihazlarını söndürürlər. Son mərhələ olduqca gizli görünür. Güman ki, orada hökumət elitalarının qaldığı başqa bir iqamətgah var”.
Digər tərəfdən, yüksək mühafizə olunan nüvə bunkerlərinə işarə edən təyyarə hərəkətləri Putinin nüvə silahlarını yerləşdirməyə hazır ola biləcəyi ilə bağlı narahatlıqları yenidən alovlandırıb.
Qeyd edək ki, müharibənin ilk günlərində Putinin yaxın qohumlarını Altay dağlarında gizli sığınacağa aparması ilə bağlı iddialar geniş müzakirə olunmuş, lakin sübuta yetirilməmişdi.
Günay Rəsulqızı
Sfera.az