Elektrik avtomobilləri ucuzlaşacaq – Hökumətin qərarı gözlənilir

17:33 / 29.03.2022
3620
Azərbaycanın Dövlət Gömrük Komitəsi ölkəyə
idxal olunan ekoloji təmiz (yalnız elektrik mühərriki ilə işləyən – red.)
avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib.
Sfera.az xəbər verir ki, bunu
"Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit”
mövzusunda mətbuat konfransında çıxış edən Komitənin Gömrük ödənişləri
idarəsinin rəisi Tariyel Alverdiyev Report-a deyib.
T.Alverdiyev söyləyib ki, hazırda həmin
avtomobilləri Azərbaycana gətirənlər yalnız idxal rüsumu ödəyir. Komitə hökumətə
təklif edib ki, idxal rüsumunun dərəcəsi də 0%-ə salınsın.
Sfera.az bildirir ki, elektrik mühərrikli
avtomobillərin Azərbaycana idxalı ƏDV-dən azaddır, alıcılar yalnız 15 faizlik
idxal rüsumu ödəyir.
Lakin rüsumun tutulma qaydası bu
avtomobillərin idxal xərclərini yetəri qədər azaltmır. Rüsum idxal edilən
avtomobilin bütün dəyərinə tətbiq edildiyindən alınan rüsumun məbləği çox olur.
Məsələn, avtomobilin qiyməti 10 min ABŞ
dollarıdırsa, rüsum 1500 dollar, yəni 2550 manat olur. Rüsumdan başqa
avtomobilin sahibi gömrük yığımları, vəsiqə haqqı və digər xərclər şəklində daha207 manat ödəməlidir. Buna görə də cəmi xərclər 2757 manat təşkil edir.
Daxili yanma mühərriki olan avtomobillərin
idxal xərcləri ilə müqayisədə elektrikli avtomobillərin idxal xərcləri xeyli
azdır. Dəyəri 10 min dollar, mühərrikinin həcmi 1500 kub santimetr olan
benzinlə işləyən avtomobilin idxalı zamanı 1785 manat rüsum hesablanır və cəmi idxal
xərci 6020 manat olur.
Ancaq idxal xərclərindəki fərqlər dəyəri aşağı
olan və istehsal tarixi köhnə olan avtomobillərdə qeydə alınır. Dəyəri yüksək
olan və istehsal tarixi yeni olan avtomobillərdə isə idxal xərci kəskin
fərqlənmir.
Məsələn, dəyəri 30 min dollar olan elektrik
avtomobilinin idxal xərci 7950 manat, benzinli mühərriklə təmin edilən
avtomobil üçün çəkilən xərc 11 200 manatdır.
Dəyəri 50 min dollar olan avtomobildə xərclər
müvafiq olaraq 13 min və 17,3 min manat təşkil edir.
Yeni və bir qədər baha olan avtomobillərin idxal
xərcləri kəskin fərqlənmədiyindən alıcıların əksəriyyəti kiçik həcmli benzinlə
işləyən, yaxud hibrid sistemlə təchiz edilən avtomobillərin idxalına üstünlük
verir.
Amma Komitənin təklif etdiyi kimi elektrikli
avtomobillərin idxal rüsumu ləğv olunarsa, o halda, Azərbaycana elektrik avtomobillərin
idxalı daha sərfəli olacaq və buna görə də onların idxalı artacaq.
Məlumat üçün bildirək ki, ölkəmizə 2021-ci
ildə 91 194 ədəd avtomobil idxal olunub. İdxal olunan avtomobillərin 12 936ədədi hibrid, 160 ədədi (0,175 faiz) elektrik avtomobilidir.
2022-ci ilin yanvar-fevral ayları ərzində isə
ölkəmizə 11 145 ədəd avtomobil gətirilib. Gətirilən avtomobillərin 2032 ədədi hibrid,57 ədədi (0,51 faiz) elektrik avtomobilləridir.
Göründüyü kimi, elektrik avtomobilinin idxalı
olduqca azdır.
Vasif