Rus oliqarxların SƏRVƏTİ - Onlar \"qara pullar\"ını harada saxlayırlar?
13:23 / 28.03.2022
761
Rus oliqarxların xaricdə gizlətdiyi "qara pul” adlandırılan sərvət təxminən 1 trilyon dollara çatıb.
Sfera.az-ın məlumatına görə, bu barədə ABŞ-ın "Atlantic Council” analitik mərkəzinin məlumatında bildirilib.
Təşkilatın 2020-ci il hesabatında bu məbləğin dörddə birinin Rusiya prezidenti Vladimir Putin və onun yaxın adamları - "oliqarxlar” kimi tanınan varlı rusların nəzarətində olduğu təxmin edilib. "Bu pullar Kreml tərəfindən casusluq, terrorizm, rüşvətxorluq, siyasi manipulyasiya, dezinformasiya və bir çox digər zərərli məqsədlər üçün istifadə oluna və başqa istiqamətə yönəldilə bilər", - hesabatda qeyd olunub.
ABŞ-ın başqa bir analitik mərkəzi olan "National Endowment for Democracy” isə bildirib ki, Putin öz yaxın adamlarını "dövlət büdcəsindən oğurlamağa, özəl bizneslərdən pul qoparmağa və hətta birbaşa gəlir gətirən biznesləri ələ keçirməyə" təşviq edib və bu yolla onların şəxsi sərvətləri on milyardlara çatıb. Rusiya müxalifət liderləri Boris Nemtsov və Vladimir Milov iddia ediblər ki, 2004-2007-ci illər arasında neft nəhəngi "Qazprom”un vəsaitlərindən Putin tərəfdarlarına 60 milyard dollar köçürülüb.
Pullar harada saxlanılır?
Tarixən bu pulun böyük hissəsi uyğun vergilər yolu ilə Kiprə gedirdi. Bəziləri adanı "Aralıq dənizindəki Moskva” adlandırırlar.
"Atlantic Council”un məlumatına görə, təkcə 2013-cü ildə 36 milyard dollar rus pulu Kiprə gedib. Bu əməliyyatların bir çoxunda pulun həqiqi sahiblərini gizlətmək üçün ön şirkətlərdən istifadə edilib. 2013-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) Kipri ön şirkətlərə məxsus on minlərlə bank hesabını bağlamağa razı salıb.
Britaniyanın Virgin və Kayman adaları kimi bölgələri də sevimli istiqamətlər arasında idi.
"Global Witness”in hesabatına görə, 2018-ci ildə rus oliqarxlarının bu vergi cənnətlərində təxminən 45,5 milyard dolları var idi. Bu pulun bir hissəsi Nyu-York və London kimi maliyyə mərkəzlərinə də gedir, orada investisiya və gəlir əldə etmək olurdu.
”Transparency International” antikorrupsiya təşkilatı iddia edir ki, Britaniyada ən azı 2 milyard dollarlıq əmlak, maliyyə cinayətlərində ittiham olunan və ya Kremlə bağlı olan ruslara məxsusdur.
Ön şirkətlər rus oliqarxlarının "qara pullarını” xaricdə gizlətmək üçün əsas üsuldur.
"Atlantic Council”a görə, bu oliqarxlar öz vəsaitlərini gizlətməklə bağlı qanuni yollar hazırlamaq üçün dünyanın ən yaxşı hüquqşünaslarını, auditorlarını, bankirlərini və lobbiçilərini işə cəlb edirlər. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun 2016-cı ildə dərc etdiyi "Panama Sənədləri”nə əsasən, varlı ruslar üçün bir şirkət tərəfindən yaradılmış ön şirkətlərin sayı 2000-i ötüb.
Xatırladaq ki, Ukraynaya hücumdan sonra bir çox ölkədə rus pullarının izlənməsi üçün müəyyən tədbirlər elan edilib. Digər tərəfdən, Böyük Britaniya zəngin əcnəbilərə ölkəyə külli miqdarda sərmayə qoyduqları halda qalmalarına icazə verən "qızıl viza proqramı”nı ləğv edib. Rusiya pulunun sevimli sığınacağı olan Malta da oliqarxlara vətəndaşlıq almağa imkan verən "qızıl pasport” proqramını dayandırıb. Kipr və Bolqarıstan isə 2020-ci ildə bu addımı atmışdı.
Günay Rəsulqızı