Paşinyan Putindən nə istəyib? – “Xahiş edib ki, Qarabağda…”
11:48 / 26.03.2022
1841
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Valdimir Putin arasında telefon danışığı olub.
Tərəflər arasında baş tutan danışığın tam detalları isə ictimaiyyətə açıqlanmayıb.
Sfera.az xəbər verir ki, sözügedən danışıq barədə açıqlama verən politoloq Asif Nərimanlı Paşinyanın Putindən kömək istədiyini deyib:
"Erməni baş nazir Putindən Qarabağda mövqeləri və dislokasiya məntəqələrini dəqiqləşdirərkən, irəliləyən Azərbaycan ordusunun əvvəlki mövqelərə qaytarılması üçün kömək istəyib və xahiş edib ki, sülhməramlılar baş verənləri araşdırsın.
Tərəflər bu istiqamətdə səy göstərməklə bağlı razılaşıblar. Nikolun xahişləri isə bəzi məqamların ən yüksək səviyyədə etirafıdır. Bölgədə vəziyyət artıq əvvəlki kimi deyil və sülhməramlılar proseslərə müdaxilə edə bilmir, yaxud etmir. Eyni zamanda, Azərbaycan ordusu mövqelərin dəqiqləşdirilməsi üzrə irəliləyir”.
Politoloq Paşinyanın xahişinin cavabsız qalacağını deyib:
"Paşinyanın zənginin nəyisə dəyişdirəcəyi ehtimalı da azdır - Azərbaycan ordusu suveren ərazilərimizdə hərəkət edir və böyük ehtimalla Rusiyanın aktiv müdaxiləsi olmayacaq. Proseslər Azərbaycan və Rusiya arasında imzalanan son bəyannamədən sonra Qarabağda da vəziyyətin dəyişdiyini deməyə əsas verir.
Baş verənlərin 10 noyabr razılaşmasının 4-cü bəndinin – qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnəcəyi gözləntisini artırır. Bakının bu məsələdə israrı artıq praktiki mərhələyə keçib. Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı razılaşmalarda ciddi irəliləyişin olması Rusiya üçün də lazımlıdır”.
Əzizə Zeynal
Sfera.az