Rusiya yenidən aktiv hücumlara keçəcək - Bu iki istiqamətdən...
Media
11:11 / 26.03.2022
1825
Artıq Rusiya və Ukrayna arasında başlanan müharibənin bir ayı geridə qaldı. Lakin görünən odur ki, Ukrayna tərəfinin ciddi müdaxiləsi və tətbiq olunan sanksiyalara baxmayaraq, Rusiyanın dayanmaq kimi niyyəti yoxdur.
Maraqlıdır, demək olar ki, iqtisadi blokadaya salınan Rusiyanın müharibəni hələ də dayandırmaması nə ilə əlaqədardır? Proses nə vaxta kimi davam edə bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Rusiyanın müharibədə geri çəkilmək kimi fikrinin olmadığını və geri çəkilmənin Putin rejiminin sonu olacağını bildirib:
"Rusiyanın hələ də müharibəni davam etdirməsi hərbi-siyasi hədəflərinə çata bilməməsi ilə əlaqəlidir. Yanlış hesabatlar sayəsində düşünülürdü ki, Rusiya ildırımsürətli əməliyyatlar keçirərək Ukraynanın bütün strateji şəhərlərini işğal edə biləcək. Lakin Ukrayna xalqının dirənişi bu hesabatların yanlış olduğunu göstərdi. Bundan sonra müharibənin davam etməsi Rusiya Prezidenti Putinin siyasi iradəsi ilə bağlı olacaq. Belə ki, Putin böyük dövlətlər tərəfindən blokadaya salınıb, izolyasiya olunub. Bütün bunların fonunda Putinin geri çəkilmək kimi bir imkanı yoxdur, çünki geri çəkilmək Putin rejiminin sonu olardı. Rusiyaya tətbiq edilən sanksiyaların da xeyri olmayacaq, ona görə ki, Rusiya müharibədən əvvəl özü üçün ehtiyat resurslar yaradıb”.
Politoloq Rusiyanın bu günlərdə aktiv əməliyyatlar aparmamasının səbəblərini də açıqlayıb:
"Ukrayna cəbhəsindəki itkilər fonunda Rusiya ordusunun yenidən toparlanmasına ehtiyac var. Bu gün müharibənin yenidən səngiməsinin əsl səbəbi də Rusiya ordusunun yeni qüvvələrlə qruplaşması prosesinə hazırlıqdır. Bu qruplaşmalar həm Krım, həm də Belarus istiqamətindən əməliyyatlara qoşulacaq. Düşünürəm ki, müəyyən zaman ərzində Rusiya yenidən aktiv hücumlara keçəcək. Rusiya artıq B planına keçib. Belə ki, daha çox əsgərin ölməməsi üçün daha çox şəhərlərin dağıdılması nəzərdə tutulub. Biz bunu Qroznuda və Suriyada müşahidə etmişik. Bu gün eyni proses Ukraynada davam edir. Lakin bu siyasət də keçərli olmayacaq, çünki Ukraynada ordu və xalq birliyi mövcuddur. Rusiya ordusuna may ayının 9-a qədər Ukraynanın tamamilə işğal olunması əmri verilib. Bu da Böyük Vətən müharibəsinin ildönümü ilə əlaqədardır. Artıq Rusiya ordusu buna istiqamətlənib”.
Əzizə Zeynal
Sfera.az