Azərbaycanın satdığı qaz kəskin bahalaşıb – Milyardlarla dollar gəlir gözlənilir
Media
15:27 / 18.03.2022
1139
Azərbaycanın bu il ixrac etdiyi qazın qiyməti kəskin şəkildə artıb.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəmiz yanvar və fevral ayları ərzində 3,963 milyard kub metr təbii qaz satıb. Bu qədər qazın satışından isə 2,486 milyard dollar gəlir əldə edilib ki, bu da hər 1000 kub metr üçün 627 dollar deməkdir.
Xatırladaq ki, ötən ilin ilk 2 ayında satılan qazın 1000 kub metrinin qiyməti 108 dollar olmuşdu. Müqayisə göstərir ki, bu il Azərbaycanın satdığı qaz təxminən 6 dəfə bahalaşıb.
Qazın bahalaşması ümumi ixracda qaz satışından əldə edilən gəlirlərin payının kəskin artması ilə nəticələnib. Ötən ilin eyni dövründə ixracın 12,8 faizi qaz satışından ibarət idisə, bu il ixracın 41,7 faizi qaz satışından ibarət olub.
Azərbaycanın satdığı qazın dəyərinin bu qədər artması son aylarda Avropada qazın spot (gündəliş satış-red.) qiymətinin yüksəlməsi ilə bağlıdır. Spot qiymətlər iki il əvvəlki qiymətlərdən bir neçə dəfə yüksəkdir. Hətta bəzi günlərdə qiymətlər 3600 dollara qədər artıb.
Spot qiymətlərin artması uzunmüddətli müqavilələrlə satılan qazın qiymətinə tezliklə təsir etməsə də, tədricən həmin qazı da bahalaşdırır.
Biz bunu Azərbaycanın satdığı qazın qiymətində görürük.
Qazın bahalaşması əhəmiyyətlidir. Əgər mövcud qiymət səviyyəsi qalarsa, 2022-ci ildə qaz satışından gəlirimiz 10 milyard dolları ötəcək.
Vasif