Azərbaycan ABŞ-dən nə gözləyir? – AÇIQLAMA
Media
14:55 / 18.03.2022
1053
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə söhbətində bir sıra məsələlərə toxunub. Keçmiş səfir dialoq əsnasında Azərbaycanın ABŞ-dən gözləntilərinin nələrdən ibarət olduğunu soruşub.
Maraqlıdır, Azərbaycanın ABŞ-dən gözləntiləri nələr ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov ABŞ-nin Azərbaycanla bağlı yeni siyasi yanaşmalar hazırladığını bildirib:
"Həqiqətən Robert Sekutanın təkcə keçmiş səfir deyil, eyni zamanda tanınmış beynəlxalq tədqiqat mərkəzi hesab olunan Xəzər Siyasi Mərkəzinin rəhbərlərindən biri olduğunu nəzərə alsaq, onun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə müsahibədə ünvanladığı sual çox maraqlıdır.
Robert Sekuta səfir kimi fəaliyyətini başa vursa da, diplomatik fəaliyyətini davam etdirir və Cənubi Qafqazda görüşlər keçirərək Amerika siyasi dairələri üçün təkliflər hazırlayır. Eyni zamanda keçmişdə Azərbaycanda səfir kimi fəaliyyət göstərən siyasətçinin Azərbaycanın Amerikadan gözləntiləri barədə məlumatı olmamış deyil. Lakin Amerika siyasətçiləri həyata keçirmək istədikləri bu və ya digər siyasəti müxtəlif mənbələr vasitəsi ilə dəqiqləşdirdikdən sonra qərar qəbul etdiklərini nəzərə alsaq, bunu təbii qəbul etmək lazımdır. Düşünürəm ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Cənubi Qafqazla bağlı yeni siyasi yanaşmalar hazırlanır və bu zaman Azərbaycanın gözləntilərinə ciddi əhəmiyyət vermək qərara alınıb. Ola bilsin ki, yaxın gələcəkdə Azərbaycan Amerika Birləşmiş Ştatları və Qərbin regionda siyasətinin həyata keçirilməsində mərkəz rolunu oynayacaq. Təbii ki burada 44 günlük müharibədə Azərbaycanın qələbəsi, öz torpaqlarını azad etməkdə göstərdiyi qətiyyət, Rusiya-Ukrayna müharibəsində Azərbaycanın yeritdiyi balanslaşdırılmış siyasəti, Avropa ölkələrinin qazla təminatında göstərilən yardımlar öz işini görüb. Bu öz növbəsində azərbaycanın həm region, həm də qlobal səviyyədə nüfuzunun getdikcə artmasının sübutudur”.
Politoloq ABŞ-nin Azərbaycan qarşısında götürməli olduğu öhdəlikləri barədə də danışıb:
"Azərbaycanın ABŞ-dən gözləntilərinə gəlincə, düşünürəm ki, ilk növbədə ABŞ Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq və hətta çox zaman ermənilərə üstünlük vermək siyasətindən əl çəkməlidir. ABŞ erməni lobbisinin Azərbaycan əleyhinə hazırladığı təxribatçı qətnamələri qəbul etmək və onları həyata keçirməkdən qaçmalıdırlar. Dağlıq Qarabağın qeyd-şərtsiz Azərbaycan torpağı olması birmənalı şəkildə qəbul olunmalı və ötən 30 il ərzində Azərbaycan torpaqlarının erməni işğalında olması nəzərə alınmalıdır.
Ermənilərin ABŞ-də qardaş Türkiyə xalqına qarşı apardığı qəzəb və nifrət kampaniyasının da qarşısı alınmalıdır.
Amerika siyasətçiləri Azərbaycan haqqında onlara ermənilərin vasitəsi ilə göndərilən qərəzli məlumat və şayiələrdən əl çəkərək Azərbaycanı yenidən öyrənməli və bu zaman ermənilərin onlara təsirini məhdudlaşdırmalıdırlar. Orada başa düşməlidirlər ki, ermənilər Azərbaycana qarşı çirkin məqsədlərinə nail olmaq üçün xaos və təxribat toxumu səpməkdən başqa heç nəyə qadir deyillər”.
Əzizə Zeynal