Rusiya-Ukrayna müharibəsinin gətirəcəyi DƏHŞƏTLƏR - 5 ssenari gündəmdə / TƏHLİL
Media
11:16 / 18.03.2022
2502
Rusiya-Ukrayna müharibəsi 23 gündür davam edir. Siyasi analitiklərin əksəriyyəti düşünür ki, neytrallıq sülhə gedən yolda irəliləyişin vacib hissəsidir, lakin müharibənin başa çatması Ukraynadakı münaqişələrin bitməsi demək olmaya bilər.
Sfera.az Ukraynada bundan sonra nələrin baş verəcəyi ilə bağlı ən çox ehtimal olunan beş ssenarini təqdim edir.
Birinci ssenari - Sülh müqaviləsi
İki ölkə arasında danışıqların son dərəcə müsbət olduğunu vurğulayan rusiyalı təhlükəsizlik siyasəti üzrə ekspert Domitilla Saqramoso sülhdən danışmaq üçün hələ tez olduğunu qeyd edib. Putinin fərqli həll yolunun ola biləcəyini vurğulayan Saqramoso, Rusiyanın Kiyevə nəzarət etmək kimi hərbi məqsədlərinə çatmadığını deyib. Digər tərəfdən, Rusiya atəşkəs üçün "neytrallıq modeli”nə işarə edib. Moskvanın bu məsələdə kompromis əldə oluna biləcəyini bəyan etməsi Ukraynanın NATO üzvlüyündən imtina etməsi deməkdir. Rusiya uzun müddətdir Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb. Əslində Moskva işğalı leqallaşdırmaq üçün tez-tez bu məsələyə toxunur. NATO üzvü olan bir çox ölkə Ukraynaya silah bağışlasa da, ittifaqın müharibəyə qarışmaq və rəsmi Kiyevi üzv qəbul etmək niyyəti yoxdur. Nyukasl Universitetinin beynəlxalq siyasət üzrə baş müəllimi Katarin Rayt da hesab edir ki, neytral Ukrayna mövcud münaqişənin sülh yolu ilə həlli və Rusiya işğalına son qoyulması üçün açar ola bilər. Bununla belə, Rayt bunun uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizlik problemlərini həll etməyəcəyini və neytral Ukraynanın yenidən işğala məruz qalmamaq üçün NATO xaricində təhlükəsizlik əlaqələri axtarmalı ola biləcəyini vurğulayıb.
İkinci ssenari - Vətəndaş müharibəsi
İngiltərənin aparıcı təhsil ocaqlarından biri olan "King's College”in Müharibə Araşdırmaları Departamentindən Mayk Martin iddia edib ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra ölkədə vətəndaş müharibəsi başlaya bilər.
Ukraynada çoxlu silahlıların olduğunu vurğulayan Martin fikirlərini bu cür ifadə edib: "Hamını silahlandırdılar. Hətta ruslar separatçı bölgələrdəki silahlı qruplara pul ödəyir. Həmin şəxslərin öz aralarında döyüşə başlaması mümkündür. Kiyev bu ehtimala qarşı indidən tədbir görməlidir”.
Üçüncü ssenari - Hərbi bataqlıq
Ekspertlərin fikrincə, Ukraynadakı müharibənin davam etməsi hər iki tərəfin hərbi itkilərinin hədsiz artamasına səbəb olacaq. Şəhərlər hədəfə alındığına görə, dinc əhali arasında itkilərin davam edəcəyi proqnozlaşdırılır.
Dördüncü ssenari - Rusiyanın qələbəsi
Bəzi ekspertlər hərbi üstünlüyə malik olan Rusiyanın qələbə qazana biləcəyini irəli sürür. Rusiya ordusunun yaşadığı maddi-texniki problemlərə diqqət çəkən analitiklər, bunun rəsmi Moskvanın hərbi qüdrətinin üstünlüyünü dəyişmədiyini də vurğulayırlar.
Beşinci ssenari - NATO-ya hücum
Bu, ən az ehtimal olunan ssenari olsa da, şübhəsiz ki, ən qorxulusudur. Ukrayna NATO üzvü olan dörd keçmiş Sovet ölkəsi ilə həmsərhəddir. ABŞ ötən həftələrdə Rusiyanın Ukraynaya hərbi tədarükünü kəsmək üçün Belarus vasitəsilə NATO üzvü Polşanı hədəfə ala biləcəyini açıqlamışdı.
Günay Rəsulqızı