15 bəndlik atəşkəs planının Kremlsayağı ŞƏRTLƏRİ - Rusiya sülhü dalana dirəyir!
Media
17:03 / 17.03.2022
1109
"Rusiya nə qədər ki, Ukraynadan Donbas və Luqanskın müstəqilliyini, Krımın ilhaqını tanımasını istəyəcək, bu iki ölkə arasında sülhdən danışmaq əbəsdir”.
Bu sözləri Rusiya və Ukrayna arasında 15 bəndlik "sülh planı” haqda yayılan xəbərləri şərh edərkən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara getmək istəsə də, bunun üçün konstruktiv addımlar atmır:
"Kreml faktiki olaraq Kiyev qarşısında şərt qoyur ki, NATO-ya üzvlükdən imtina et, həmçinin ABŞ, Böyük Britaniya və Türkiyənin hərbi bazalarını Ukrayna ərazisində yerləşdirməmək ilə bağlı öhdəlik götür. Ümumiyyətlə bu və bu kimi qərarlar suveren ölkələrin milli maraqları çərçivəsində verilə bilər. Rusiya tərəfi isə faktiki olaraq bu şərtləri Ukraynaya diktə edir. Diktə edilən şərtlər ilə sülhdən danışmaq olmaz. Rusiya kapitulyasiya aktı imzalatmaq istəyir”.
Politoloqun sözlərinə görə, indiki məqamda sülh Ukraynadan çox Rusiyaya gərəkdir:
"Qərbin sanksiyaları ilə iqtisadiyyatı bərbad hala düşən Rusiya sülhün əldə edilməsini istəyir, ancaq bununla belə kompramisə getməkdə maraqlı deyil. Məsələ ondadır ki, müharibənin bərabər tərəfli və ya Ukrayna lehinə bir sülh müqaviləsi ilə yekunlaşması Rusiya üçün qəbuledilməzdir. Xüsusilə bu Rusiyada Putin Administrasiyasının sonunu gətirə bilər. Putin buna görə də ən yaxşı halda Donbas, Luqanskın müstəqilliyi, Krımın ilhaqının Ukrayna tərəfindən tanınmasını istəyir”.
Turan Rzayev