Avropa silah stoklayır: ən çox bu ölkələr alıb - SİYAHI

Media
13:35 / 17.03.2022
783
Rusiya-Ukrayna müharibəsi fonunda Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun dərc etdiyi qlobal silah ticarəti ilə bağlı hesabat diqqət çəkib.
Sfera.az bildirir ki, hesabata görə, 2017-2021-ci illərdə qlobal silah ticarəti əvvəlki dövrlə ( 2012-2016-cı illər) müqayisədə 4,6 faiz azalıb. Lakin buna rəğmən, Avropa, Yaxın Şərq və Asiyadakı dövlətlərin ciddi şəkildə silahlandığı bildirilib.
Sözügedən araşdırma mərkəzinin baş elmi işçisi Piter Vezeman Avropada artan silahlanma artımında Rusiya faktoruna diqqət çəkib.
"Rusiya ilə əksər Avropa dövlətləri arasında münasibətlərin pisləşməsi silah ixracının artmasında mühüm amildir. Xüsusilə, milli silah sənayesindən ehtiyaclarını ödəyə bilməyən dövlətlər bu bölgəyə silah idxalının artmasında mühüm rol oynadılar. Cənubi Amerikada isə silah idxalı son 50 ilin ən aşağı səviyyəsinə çatıb və bu, region, həm də dünya üçün müsbət bir inkişafdır. Lakin Avropa, Yaxın Şərq və Asiyada silah tədarükünün artırılması narahatlıq doğurur”.
Türkiyəli hərbi analitik Turan Oğuz da Yaxın Şərqdə mövcud gərginliyin azaldılmasına çalışılsa da, Rusiya və Çin ətrafında artan gərginliyin olduğunu bildirib. O, fikirlərinə bu cür davam edib:
"Bundan əlavə, Afrika və Mərkəzi Asiyada terror fəaliyyətləri var ki, bu da artmağa meyllidir. Bütün bunlara NATO-nun üzv dövlətlərə müdafiə büdcəsi ilə bağlı təzyiqini də əlavə etsək, gələcəkdə müdafiə büdcələrinin və silahlanmanın artacağını söyləmək olar”.
Bəhs edilən hesabata görə, Avropada ən çox silah alan ölkələr İngiltərə, Norveç və Hollandiya olub. Bir çox Avropa dövlətinin ABŞ-dan yeni döyüş təyyarələri sifariş etdiyini vurğulayan ekspertlər, qarşıdakı dövrlərdə Avropanın qlobal silah ticarətində payının artacağını bildiriblər. Digər tərəfdən, Ukraynadakı silahlı münaqişələrə baxmayaraq, 2017-2021-ci illər ərzində bu bölgəyə silah idxalında ciddi artım olmayıb.
Ekspert Turan Oğuz bildirib ki, Avropa ölkələrinin silah alışını sürətləndirməsinin iki mühüm səbəbi var:
"Bu artımın səbəblərindən biri NATO-nun üzv ölkələrə müdafiə büdcələrini artırmaqla bağlı xəbərdarlıqlarıdır. NATO bütün üzv ölkələrin müdafiə büdcəsini 2024-cü ilə qədər ÜDM-nin 2 faizi qədər artırmasını istəyir. İkinci səbəb isə təbii ki, Rusiya faktoru və artan gərginlikdir. Bu səbəbdən Baltikyanı və Balkan ölkələrinin silahlanması davam edirdi. Son hadisələrdən sonra Almaniya kimi ölkələr də bu qrupa qoşulub”.
Asiya regionu 2017-2021-ci illər arasında 43 faizlə qlobal silah transferlərinin ən böyük payına sahib olub. Bölgədəki 6 dövlət dünyanın ilk 10 silah idxalçısı olaraq müəyyən edilib - Hindistan, Avstraliya, Çin, Cənubi Koreya, Pakistan və Yaponiya. 2012-2016 və 2017-2021-ci illər arasında Cənubi Asiyaya silah idxalı 21 faiz, Cənub-Şərqi Asiyaya isə 24 faiz azalıb. Eyni dövrdə Okeaniyaya silah idxalı yüzdə 59, Şərqi Asiyaya idxal isə 20 faiz artarkən, Avstraliyanın idxalında 62 faiz artım qeydə alınıb. 2017-2021-ci illər arasında Yaxın Şərq ölkələrinin silah idxalı isə əvvəlki dövrlə müqayisədə 2,8 faiz artıb.
Qeyd edək ki, 2017-2021-ci illərdə ən çox silah alan ölkələr ardıcıllıqla – Hindistan (15 356), Səudiyyə Ərəbistanı (14 946), Misir (7785), Avstraliya (7294), Çin (6561), Qətər (6194), Cənubi Koreya (5643), Pakistan (4069), Birləşmiş Ərəb Əmirlikləri (3778) və Yaponiya (3591) olub.
Günay Rəsulqızı
Sfera.az