Blinkenin Paşinyana xəbərdarlığı Qafqazda gedəcək hansı proseslərə işarədir? - Ermənistanı gözləyən aqibət
14:35 / 16.03.2022
5921
Ötən gün Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin Ermənistanın Baş Naziri Nikol Paşinyanla da telefon danışığı baş tutub. İddialara görə, Blinken danışıq zamanı Nikola Rusiyaya dəstək verənləri Belarusun aqibətini gözlədiyini deyib. Lakin belə xəbərdarlığın təsadüfi olmadığı düşünülür. Çünki sosial media platformalarında bir sıra peşəkar hərbi araşdırmalar mərkəzlərinə məxsus hesablarda, Ermənistanın Ukraynaya rus ordusunun tərəfində döyüşmək üçün 2.100 həbçi göndərməsi barədə xəbərlər yayılmışdı.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın beynəlxalq sahədə fəallığının artırılması təbii görünə bilər. Müsahibimizin sözlərinə görə, ABŞ Ukrayna prezidenti Zelenskinin yerinə yetirə bilmədiyi xahiş və tələblərini digər vasitələrlə kompensasiya etməyə çalışır:
"Məlumdur ki, ardıcıl olaraq Ukraynanın NATO-ya qəbul olunması, Ukrayna səmasının uçuşa qadağan zona elan edilməsi və nəhayət, Polşanın ayırdığı qırıcıların Ukraynaya verilməsi məsələləri geri çevrilmişdi. Bayden administrasiyası Rusiyaya qarşı olan qüvvələrin Ukrayna ətrafında daha sıx birləşməsi istiqamətində təşəbbüslər göstərir - bununla da Zelenski və Ukrayna xalqının könlünü almağa çalışır. Amma Ukraynada yaxşı başa düşürlər ki, bu gün Rusiyanın hücumunun qarşısını almaq üçün NATO ölkələri və ABŞ yetərincə təsirli tədbirlər görməkdə acizdirlər. Entoni Blinkenin Nikol Paşinyana telefon zəngini də bu rakursdan qiymətləndirmək lazımdır”.
Politoloq qeyd edib ki, Ermənistan Baş Naziri öz erməni xislətinə uyğun olaraq, hələ də Rusiya və ya Qərbin yanında olması barədə qərar qəbul etməyib və tərəddüdlər yaşayır:
"Blinken bu tərəddüdlərin Ukraynanın xeyrinə həll olunması üçün Paşinyana təsir etmək məqsədi ilə onunla danışıq aparıb. Amma nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil xarici siyasət yeritmək lüksündən uzaq olduğu üçün onun gözləntilərini doğrulda bilməyəcək. Çünki Paşinyanın indiki halda cüzi bir yanlış hərəkəti həm onun, həm də Ermənistanın taleyi üçün çox acınacaqlı ola bilər. Ermənistan Ukraynaya dəstəyini açıq şəkildə büruzə verə və hətta bu müharibəyə münasibətdə neytrallığını saxlaya bilməyəcək. Çünki, su boğazına qədər çıxanda Rusiya Paşinyan kimiləri ayağının altına yığacaq”.
Günay Rəsulqızı
Sfera.az