Hədəfdə Latviya var imiş? - \"Rusiya çalışacaq ki, martın axırına qədər...\"

Hədəfdə Latviya var imiş? - \
"Rusiya çalışacaq ki, martın axırına qədər Kiyevi, Xarkovu, Odessanı tutsun və Dneprə çıxsın. Dnepr çayının qərb sahilinə rus ordusu keçməyəcək və buna ehtiyac da yoxdur”.
 
Bunu Sfera.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, Rusiyanın növbəti hədəflərindən biri səsləndirilən fikirlərdəki kimi Moldova olmayacaq:

"Çünki Moldova ilə bağlı Rusiyanın elə bir marağı yoxdur. Əgər Ukraynanın Qara dənizə çıxışını bağlasa, artıq Moldova özü də mühasirədə qalmış olur.  Moldovanı Rumıniya da qəbul edə bilməyəcək, çünki onun da iqtisadi vəziyyəti çox ağırdır. Rusiya hücum həyata keçirsə, bu, Latviya olacaq, Estoniyaya dəyməyəcək. Ona Kalendarada çıxış lazımdır və bu da ancaq Latviya üzərindəndir. Digər tərəfdən, həmin Baltikyanı ölkələr içərisində ən çox rus əhalisi olan ölkə də Latviyadır və Rusiya Dövlət Duması da qanun qəbul edib ki, dünyanın harasında olur-olsun rus dilli vətəndaşlarının maraqları təmin edilməlidir. Orada təbii ki, iş aparılır və aparılacaq da”.

Müsahibimiz Rusiyanın Gürcüstana müdaxilə edəcəyinə inanmadığını qeyd edib:

"Gürcüstanı artıq kifayət qədər gərgin vəziyyətə saldı. Bilirsiniz ki, bu məsələlərdə Gürcüstan Ukraynanı açıq şəkildə dəstəkləmədi. Bu baxımdan, hələlik Gürcüstan variantı ehtiyatda qalıb. 

Azərbaycanla fevralın 22-də imzaladığı ikitərəfli bəyanat kifayət qədər Rusiyanın Qafqaz maraqlarını təmin edir. Rusiyanın onsuz da Avropaya yolu bağlandı, onun yeganə dünyaya çıxış yolu ancaq Azərbaycandandır. Orta Asiya üzərindən də çıxışı yoxdur. Ancaq inanmıram ki, Rusiya bu il ərzində hansısa başqa ölkəni – Latviyanı da hədəfə alsın. Buna müəyyən hazırlıq lazımdır. Yaxın zamanda sözügedən ölkənin harasa hücumu inandırıcı görünmür, buna hərbi imkanları da yoxdur. Ukraynaya hücum etməklə Putinin SSRİ-ni bərpa etmək planı suya düşdü. ABŞ, Avropanı və Rusiyanı Ukraynanın əli ilə tələyə saldı – həm siyasi, həm iqtisadi. Rusiya indi o tələdən çıxmağa çalışsa da, burada onun uduşu yoxdur”.

Günay Rəsulqızı 
Sfera.az

OXŞAR XƏBƏRLƏR