Kriminal ünsürlər Rusiya və Ukraynadan Azərbaycana axın edir? - Gözlənilən TƏHLÜKƏ ilə bağlı AÇIQLAMA
Media
13:43 / 15.03.2022
3699
Azərbaycanda kriminal ünsürlərlə mübarizə sərt olduğuna görə, sözügedən şəxslərin, cinayətkar qrupların əksəriyyəti bir zamanlar Rusiya, Ukrayna kimi ölkələr çıxıb getmişdi. Lakin bölgədə baş verən Rusiya-Ukrayna müharibəsi fonunda kriminal ünsürlərin ölkəyə qayıtma ehtimalı istiqamətində fikirlər müzakirə obyektinə çevrilib.
Kriminal avtoritetlər ölkəyə geri dönərsə, cinayətlər arta bilərmi?
"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Sfera.az-a danışarkən kifayət qədər kriminal aləmdə nüfuza malik olan insanların, ölkəni tərk etmiş Azərbaycan vətəndaşlarının bura qayıdacaqları təqdirdə, vəziyyəti gərginləşdirə biləcəklərinə inanmadığını deyib:
"Əgər onlar doğrudan da əvvəlki dırnaqarası ənənələrindən uzaq düşüblərsə və sırf sabit ölkədə, təhlükəsizliyi təmin olunan vətəndaş kimi yaşamaq istəyəcəklərsə, təbii ki, heç kimin onlarla işi olmaz. Amma burada bir kriteriya var: bu insanlar öz keçmiş vərdişlərindən əl çəkə bilmədikləri üçün Azərbaycana qayıdacaqları təqdirdə, mühiti gərginləşdirməsinlər deyə, onlarla sorğu-sual aparılacaq. Həmin insanların birmənalı şəkildə hüquq-mühafizə orqanlarında şəxsiyyətləri, davranışları, keçmiş əməlləri barədə məlumatlar var. Bu da onlar üçün arzuolunan deyil. Qaldı ki, Rusiya-Ukrayna müharibəsinin Azərbaycanda cinayətlərin sayına, yəni dimanikada müəyyən növ qəsdən törədilən qətllərin artımına təsir etməsinə, düşünmürəm ki, belə olsun”.
Müsahibimiz qeyd edib ki, Rusiya və Azərbaycan arasında əvvəlki ticari əlaqələr hələ də qüvvədədir və nə qədər ki, sanksiyalara dəstək verməmişik çətinlik yaranmayacaq:
"Azərbaycanda Avropa ölkələrinin heç vaxt sezə bilmədiyi sabitlik təmin olunub. Hətta Avropanın Bakıda məskunlaşan diplomatik korpusları, onların ailələri də ölkədəki cinayətkarların vəziyyətindən, təhlükəsizliklərinin qorunmasından məmnundurlar. Fikrimcə, neqativ düşüncədə olan insanlar Azərbaycana qayıdacaqlarsa, onların vəziyyəti rahat keçməyəcək. 44 gün ərzində biz mənfur düşmənlərimizlə necə mübarizə apardıqsa, indi də belə olacaq”.
Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev isə saytımıza açıqlamasında deyib ki, Rusiya və ya Ukraynada azərbaycanlı kriminal ünsürlərin olduğunu eşitməyib:
"Nəinki azərbaycanlı, heç rusların özünün də yoxdur. Çünki bununla bağlı məsələ Rusiyada qanunvericiliyə əlavə olundu – kimsə kriminal ünsürdüsə, qanuni oğrudursa, istintaqsız filansız həbs edilirdi. Düzdür, hardasa qeyri-qanuni idi, amma belə bir qanun var idi. Belə olan şəraitdə, kim qalar? Heç rusların özləri qalmırdı. Dediyimiz qəbildən Azərbaycan vətəndaşları isə, demək olar ki, orada yox idi. Eyni zamanda da bu, Ukraynaya da aiddir. Ümumiyyətlə, Azərbaycanda da o dövr getdi".
Günay Rəsulqızı
Sfera.az