Ukraynalı qaçqınlar rus oliqarxların mülklərinə yerləşdiriləcəklər

Media
12:31 / 15.03.2022
962
Ukraynanın işğalından sonra bir çox ölkənin sanksiya hədəfinə çevrilən Rusiya Böyük Britaniyadan daha bir zərbə alıb.
Sfera.az bildirir ki, İngiltərədə ukraynalı qaçqınların sanksiyaya məruz qalan rus oliqarxlarının boş mülklərinə köçürülməsi müzakirə olunub. Bu barədə Baş nazir Boris Consonun Dauninq-stritdəki ofisindən açıqlama verilib.
Məlumatda İngiltərə Premyer Liqa komandalarından biri olan "Çelsi” Futbol Klubuna aid otelin nəzərdən keçirilən mülklər arasında olduğu deyilib. Həmçinin bu istiqamətdə bütün seçimlərə açıq olduqları qeyd edilib.
Bununla belə, yeni qanunvericiliyin də lazım ola biləcəyinə diqqət çəkilib.
"Sanksiyalar üçün yaradılan xüsusi lisenziya ilə bağlı bəzi çətinliklər var. Yaşayış binalarında icazəsiz oturmaq qanunsuzdur. Bununla belə, mülkiyyətçilərin sanksiyalara məruz qaldığı bir vaxtda biz həbs edilmiş əmlakın məqsədəuyğun istifadəsini müəyyən etməyə çalışırıq”, - deyə əlavə edilib.
Digər xəbərə görə, "Çelsi”nin sahibi, rusiyalı milyarder Roman Abramoviç ötən həftə Rusiya prezidenti Vladimir Putinlə əlaqələrə görə sanksiyaya məruz qalıb və Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Britaniya hökuməti tərəfindən sanksiyalara məruz qalan 18 rus oliqarxından biri olub.
Günay Rəsulqızı
Sfera.az