Rusiyadakı vəziyyət Orta Asiya və Azərbaycana mənfi təsir edir – Bu sahədə böhran gözlənilir
Media
22:08 / 11.03.2022
2402
Rusiyaya qarşı sanksiyaların tətbiqi və bunun nəticəsində iqtisadi vəziyyətin pisləşməsi sadəcə bu ölkənin əhalisinə, biznes sektoruna mənfi təsir etməyəcək, buradakı böhranlı vəziyyətdən Orta Asiya və Azərbaycan da əziyyət çəkəcək.
Məlumdur ki, Orta Asiyadan və Azərbaycandan çoxlu sayda miqrant Rusiyada əmək fəaliyyəti (muzdlu işçi və özünüməşğulluq formasında-red.) ilə məşğuldur. Onlar əldə etdiyi gəlirin bir hissəsini vətəndaşı olduğu ölkələrə göndərir, həmin vəsaitlə onların ailələrinin gündəlik xərcləri ödənilir.
Sfera.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rusiyadan gəlir əldə edən Orta Asiya və azərbaycanlı miqrantların sayı çoxdur. Rus mediasının məlumatına əsasən, Rusiyada rəsmi qaydada 11,9 milyon miqrant yaşayır. Bunların yarısı qədər, yəni 5-6 milyon miqrant isə qeyri-rəsmi qaydada məskunlaşıb. Ümumilikdə, Rusiyada 17-18 milyon miqrantın yaşadığına dair məlumatlar mövcuddur.
Rəsmi qaydada yaşayan miqrantların 3,3 milyonu Ukrayna, 2,5 milyonu Qazaxıstan, 1,1 milyonu Özbəkistan, 760 mini Belarus, 770 mini Azərbaycan vətəndaşıdır.
Gürcüstan, Ermənistan, Tacikistan, Çin, Vyetnam, Əfqanıstan, Türkiyə, Cənubi Koreya, Avropa İttifaqı ölkələri və digərlərindən daha 3,47 milyon miqrant var.
Məlumatlardan görünür ki, miqrantların ən azı yarısı Orta Asiya və Azərbaycan vətəndaşlarıdır.
Rusiya Mərkəzi Bankının məlumatıan görə, miqrantlar tərəfindən 2021-ci ildə MDB ölkələrinə hər ay orta hesabla 720-750 milyon dollar pul köçürülüb. Bu, il ərzində 9 milyard dollar vəsait deməkdir.
Ən çox vəsait Özbəkistana (330-350 milyon dollar), Tacikistana (170-180 milyon dollar) və Qırğızıstana (140-150 milyon dollar) köçürülüb.
Azərbaycana isə ayda 40-45 milyon dollar göndərilib.
Bu məlumatlar fiziki şəxslər tərəfindən rəsmi qaydada göndərilən pul baratlarına aiddir. Miqrantların qeyri-nağd formada və qeyri-rəsmi şəkildə də böyük məbləğdə vəsait göndərdiyi məlumdur.
Hər iki göstərici nəzərə alındığında miqrantların Orta Asiya ölkələrinə və Azərbaycana göndərdiyi pulun illik məbləği 8-9 milyard dollar təşkil edir.
Rusiyada sanksiyalar səbəbindən rublun ucuzlaşması və iş yerlərinin bağlanması, eyni zamanda xaricə valyuta göndərilməsinin məhdudlaşdırılması burada işləyən əmək miqrantlarının gəlirini azaldacaq.
Yalnız rublun ucuzlaşmasına görə gəlirdə azalma 2 dəfəyə yaxındır.
Həmçinin, sanksiyalara qoşulan ölkələrə aid ticarət, xidmət və istehsal müssisələri Rusiyada fəaliyyətini dayandırır. Bununla əlaqədar olaraq çox sayda insan, o cümlədən miqrant iş yerini itirir.
Bunlar miqrantların gəlirinə birbaşa təsir edəcək amillərdir. Bunlarla bərabər Rusiya əhalisinin gəlirinin azalması, iqtisadi aktivliyin aşağı düşməsi nəticəsində daxili tələbin xeyli zəifləməsi də müşahidə edilir. Tələbin zəifləməsi isə bütün subyektlərin, o cümlədən biznes qurumlarının da gəlirini azaltdığından miqrantların maddi vəziyyəti bir qədər də pisləşəcək.
Beləliklə, Rusiyanın böhrana sürüklənməsinin Orta Asiya və Azərbaycanda da iqtisadi vəziyyətə mənfi təsiri olacaq. Biz bu təsiri qarşıdakı aylarda daha aydın hiss edəcəyik.
Xüsusilə, miqrantlar tərəfindən göndəriləcək vəsaitin azalmasının Azərbaycanın daşınmaz əmlak bazarında durğunluğa səbəb olması ehtimalı güclüdür. Çünki ölkəmizin daşınmaz əmlak bazarında alıcıların müəyyən hissəsini məhz Rusiya və digər ölkələrdəki miqrantlar və soydaşlarımız təşkil edir. Həmin şəxslər rublun ucuzlaşmasından istifadə edərək öz vəsaitlərini daha çox Rusiyada daşınmaz əmlak almağa yönəldəcək. Xatırladaq ki, biz bu halı 2014-cü ildə rublun kəskin şəkildə ucuzlaşmasından sonra görmüşdük.
Vasif