Rusiyanın "mülayim və sərt polis" oyunu: Kadırov sayəsində dünyaya bu mesajları verir
Media
15:54 / 11.03.2022
924
"Ukrayna savaşında Çeçenistan lideri Ramzan Kadırovun önə çıxarılmasının mühüm funksiyası var”.
Sfera.az bildirir ki, bunu politoloq Nazim Cəfərsoy deyib. O bildirib ki, Rusiyanın ənənəvi olaraq Jirinovski, Duqin və bəzi deputatlar üzərindən verilən, xaricə göndərilən radikal mesajları bu dəfə Kadırov vasitəsilə edilir:
"Kadırov bu rolu daha əvvəl də zaman-zaman müəyyən mənada oynayırdı. Bu dəfə isə Ukrayna slavyan olduğu və savaş kəskin bir durum olduğu üçün daha şahin bir şəxs kimi ona ehtiyac olub. Kadırov bu çıxışları vasitəsiylə gah Ukraynaya, gah da Qərbə qarşı mesajlar verərək, Rusiyanın daha da radikal tərəfini qarşıdakılara göstərir. Beləcə qarşıdakılara "əlinizdəki Rusiya hakimiyyətinin qədrini bilin və anlaşın" mesajını verir. Kadırov burada Amerikan filmlərindəki məşhur olan "mülayim və sərt polis" oyununda ikincisini təmsil edir. Beləcə dünyaya sadəcə rusların deyil, rus olmayanların da Rusiya üçün nələr edə biləcəyi göstərilir”.
Politoloq qeyd edib ki, çeçenlər Rusiyada tarixən ən döyüşkən xalqlardan biri, hazırda da bəlkə də birincisidir:
"Bu mənada Kadırovun hərbi gücü Rusiyanın ən elit birliklərindən sayıla bilər. Üstəlik, bu orduda maraqlı formada cəmiyyətdəki dini həssasiyyət və liderə sədaqət faktoru, motivasiya üçün xüsusi önəm təşkil edir”.
Günay Rəsulqızı
Sfera.az