"Ermənilərə azan səsi və milli musiqilərimizin dinlədilməsi..." - Təxribatların artmasına səbəb bu imiş?
Media
14:57 / 07.03.2022
1371
"Qarabağdakı ermənilərə azan səsi və Azərbaycan musiqisinin dinlədilməsi xüsusi əhəmiyyət daşıyır”.
Sfera.az bildirir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib. O qeyd edib ki, ermənilər yeni reallıqları qəbul etməlidirlər:
"Bu yerlərin həqiqi sahibləri artıq öz doğma yurdlarına qayıdıblar. Bu gündən sonra bu ərazilərdə hər zaman azan səsi və Azərbaycan musiqisi eşidiləcək”.
Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, Qarabağdakı ermənilərə azan səsi və Azərbaycan musiqisinin dinlədilməsi, separatçı-terrorçuların isə təxribat atəşi açması bu kontekstdə diqqət çəkir:
"Mümkündürki, Bakı bölgədəki silahlı terrorçuların təmizlənməsi, üçtərəfli razılaşmada dalana dirənmiş bəndlərin icrasının təmin edilməsi üçün yaranmış şəraitdən istifadə etsin. Separatçıların "qoruyucusu” kimi çıxış edən Moskva indiki halda neytral mövqe sərgiləyə bilər. Çünki, ABŞ-NATO-nun bölgədə Gürcüstan üzərindən ikinci cəbhə açmaq istəyəcəyi mümkündür; Aİ-yə sədrlik edən Fransa Ermənistan üzərindən Rusiyanın mövqelərini zəiflətmək üçün müəyyən addımlar ata bilər. Bu risklərə qarşı Rusiya Cənubi Qafqazda onun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasını sürətləndirməli, bölgənin siyasi arxitekturasının qurulması planının dəyişməsinə imkan verməməlidir”.
Ekspert bildirib ki, Bakının Xankəndi istiqamətində azan səsi və milli musiqilərimizi səsləndirməsi, hədəfin daha böyük – separatizmin ləğvi – olduğu fikrini önə çıxarır:
"Rusiya ilə imzalanan bəyannamə də bu məsələdə əlimizi gücləndirə bilər. Hadisələrin inkişafına Ukraynadakı müharibə də təsir edir. Rusiya mövcud vəziyyətdə müharibənin gedişatını, həmçinin, Qərb cəbhəsinin ata biləcəyi addımları tam proqnozlaşdıra bilmir. Qərb bloku ilə kəskin qarşıdurmada olduğu vaxt Türkiyə və Azərbaycanın ən azı balanslı mövqeyi onun üçün əhəmiyyətlidir”.
Günay Rəsulqızı
Sfera.az