Ukrayna XİN naziri qorxunc faktlar açıqladı: \"Rus əsgərlər ələ keçirdikləri yerlərdə qadınları zorlayırlar\"
13:13 / 05.03.2022
1115
Rusiyalı əsgərlər barədə qorxunc iddia irəli sürülüb.
Sfera.az bildirir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba rus hərbiçilərinin Ukraynadakı qadınlara təcavüz etdiyini söyləyib. Bu barədə o, Londonda "Chatham House”da keçirilən seminarda danışıb. "Təəssüf ki, bizdə rus əsgərlərinin Ukrayna şəhərlərində qadınları zorlaması ilə bağlı çoxsaylı faktlar var”, deyə nazir qeyd edib.
Qurum rəsmisi iddiasını təsdiqləyən heç bir sübut təqdim etməsə də, bir həftədən çox davam edən döyüşlərdən sonra Rusiyanın ələ keçirdiyi yeganə böyük şəhər olan Xersonda 11 zorlama hadisəsinin qeydə alındığını bildirib. Kuleba medianı "Rusiyanın Ukraynaya qarşı cinayətləri haqqında həqiqəti yaymağa” çağırıb. "Bizdən qat-qat güclü olan düşmənə qarşı vuruşuruq. Ancaq beynəlxalq hüquq bizim tərəfimizdədir və ümid edirəm ki, bu, bizə kömək edəcək", - deyə nazir deyib.
Onlayn tədbirdə sviter və gödəkçədə çıxış edən Kuleba, həmçinin "Xarici işlər nazirinə bənzəmədiyim üçün üzr istəyirəm" söyləyib və millətin iztirabları arasında beynəlxalq hüquqdan danışmağın çətin olduğunu əlavə edib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın ukraynalı əsgərləri və ailələrini əsir götürdükdən sonra ictimaiyyət qarşısında edam edəcəyi iddia edilirdi.
Günay Rəsulqızı
Sfera.az