Dünyada ərzaq qiymətləri rekord həddə yüksəlib – Bahalaşma Azərbaycanda da hiss ediləcək

Dünyada ərzaq qiymətləri rekord həddə yüksəlib – Bahalaşma Azərbaycanda da hiss ediləcək
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, qlobal ərzaq qiymətləri fevralda bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
 
Sfera.az FAO-nun məlumatına istinadən xəbər verir ki, fevralda qiymət indeksi yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq orta hesabla 140,7 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə isə artım sürəti 24,1 faiz olub.

Qlobal ərzaq qiymətlərində artım süd məhsulları və bitki yağlarının daha çox bahalaşması hesabına güclənib. Taxıl Qiyməti İndeksi buğda və qarğıdalının bahalaşması səbəbindən aylıq 2 faiz, illik 14,8 artıb.

Taxıl qiymətlərində artıma Qara dəniz bölgəsinin 2 ən böyük buğda ixracatçısı olan Ukrayna ilə Rusiya arasındakı müharibə təsir edib. Müharibə ilə əlaqədar bu regiondan buğda və qarğıdalı ixracı çətinləşəcəyinə dair gözlənti var. Psixoloji gərginlik taxıl məhsullarına tələbdə izafi artıma səbəb olub.  

Bitki Yağı Qiyməti İndeksi palma, soya və günəbaxan qiymətlərinin yüksəlməsi ilə aylıq 8,5 faiz artıb. Bu məhsullarında da bahalaşması müharibə ilə əlaqəlidir. Çünki dünyada günəbaxan yağı ixracının təxminən 80 faizi Ukrayna və Rusiyanın payına düşür.

FAO Süd Məhsullarının Qiymətləri İndeksi 6,4 faiz artıb. Süd məhsullarının bahalaşması taxılın dəyərinin yüksəlməsi və tədarük çətinlikləri ilə bağlıdır. Eyni səbəblərdən ət qiymətləri də aylıq müqayisədə 1,1 faiz artıb.

Yalnız şəkər ucuzlaşıb. Şəkər Qiyməti İndeksi yanvar ayı ilə müqayisədə fevralda 1,9 faiz enib. Buna səbəb əsas ixracatçı ölkələrdən olan Hindistan və Taylandda müsbət istehsal göstəricilərinin qeydə alınmasıdır.

FAO xəbərdarlıq edir ki, ərzaq məhsullarında müşahidə edilən yüksək qiymətlər idxaldan asılı olan ölkələrdə yoxsul əhalini risk altında qoyur.

Ümidverici proqnoz ondan ibarətdir ki, bu il qlobal buğda istehsalı ABŞ və Asiyada yüksək məhsuldarlığın hesabına artacaq. Qlobal buğda istehsalının 2021-ci ildəki 775,4 milyon tondan 2022-ci ildə 790 milyon tona yüksələcəyi gözlənilir.

FAO-nun hesabatında, həmçinin qeyd olunub ki, hesablamalar Rusiya və Ukrayna arasında müharibənin mümkün təsirləri nəzərə alınmadan aparılıb.
 
Əlavə edək ki, dünyada, xüsusən də Azərbaycana yaxın regionlarda ərzaq qiymətlərinin yüksəlməsi ölkəmizdə də qida məhsullarının bahalaşmasını gücləndirəcək. Çünki ölkəmiz hər il xaricdən 1,6-1,7 milyard dollar dəyərində müxtəlif növ qida məhsulları alır. Azərbaycan bitki və heyvan mənşəli yağların böyük hissəsini, taxıl məhsullarının təxminən yarıya qədərini, süd və ətin 10-20 faizini, tərəvəz və meyvələrin 15-20 faizini idxal hesabına ödəyir. Qida tələbatının ödənilməsində xarici bazarlardan asılılıq ölkəmizdə də qida məhsullarının bahalaşması səviyyəsini yüksəldəcək.

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR