Rusiyanın növbəti hədəfi bu ölkə ola bilər: Qaqauziya kartı... – Təhlil

Rusiyanın növbəti hədəfi bu ölkə ola bilər: Qaqauziya kartı... – Təhlil
Moldova Prezidenti Maya Sandu ölkəsinin Avropa Birliyinə (AB) üzv olması üçün rəsmi ərizəni imzalayıb. Sandu, "Biz sülh, firavanlıq içində yaşamaq, azad dünyanın bir hissəsi olmaq istəyirik. Bəzi qərarlar vaxt tələb etdiyi halda, digərləri tez və qətiyyətlə qəbul edilməlidir”, - deyib. Xanım prezidentin "Bəzi qərarlar vaxt tələb etdiyi halda, digərləri tez və qətiyyətlə qəbul edilməlidir” sözləri təsadüfi deyil. Görünür, xanım prezidentin belə bir qərar verməsinə təsir edən amillər olub.

Məsələ ondadır ki, ötən gün Təhlükəsizlik Şurasını toplayan Belarus Prezidenti Aleksandr Lukaşenko komandası ilə Rusiyanın hücumları barədə danışıb.
 
Lukaşenkonun görüş zamanı xəritə üzərindəki çıxışı diqqət çəkib. Belə ki, xəritədə ilk diqqət çəkən məqam Ukraynanın 4 yerə bölünməsidir.

Xəritədə ikinci diqqət çəkən məqam isə şübhəsiz, Rusiya Odessanı işğal edib oradakı qoşunları Moldova sərhədləri daxilindəki Dnestryanı bölgəyə hərəkət etdirməsidir. 

Görünür, Rus qoşunlarının Odessadan sonra Moldovanın Dnestryanı bölgəyə hərəkət etməsi ehtimalı xanım prezidenti qorxuya salıb və onun ölkəsini Avropa Birliyinə (AB) üzv olması üçün rəsmi ərizəni imzalamağa vadar edib. 

Kremlin yeni hədəfi Moldovadır?

Rusiyanın Odessanı işğal edib oradakı qoşunları Moldova sərhədləri daxilindəki Dnestryanı bölgəyə gətirməsi mümkün ssenaridir. Prinsip etibarilə, Dnestryanı da rəsmi Moskvanın təktərəfli tanıdığı ölkələrdəndir. Digər tərəfdən Ukrayna Prezidenti Vladimir Zelenski kimi Moldovanın qərbyönümlü xanım Prezidenti Maya Sandu da Rusiyanı sevmir. Təsadüfi deyil ki, xanım Sandunun hakimiyyətə gələr-gəlməz verdiyi ilk qərarlardan biri məhz Dnestryanıdan Rusiya sülhməramlılarının çıxarılmasını tələb etməsi idi. 
Prinsip etibarilə, Moldovanın Qərbin dəstəyinə arxalanıb Dnestryanı məsələsini həll etmək istəyi bu gün də Kremli ciddi narahat edir. Bu mənada Ukrayna kimi Moldovanın da Qərbə inteqrasiyasının qarşısını almaq, həmçinin Kişniyova gözdağı vermək üçün Kremlin qoşunlarını Dnestryanıya yeritməsi mümkündür. 
 
Bu ssenarini Sandu administrasiyası da real sayır. Misal üçün, hələ bu ilin yanvar ayında xanım Sandu, "Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların analizləri, həmçinin regionda baş verənlər onu deməyə əsas verir ki, Şərqi Avropada müharibə başlaya bilər”, - demişdi. Rusiyanın fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlaması ilə ölkə parlamenti Moldovada 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı qətnamə qəbul etdi. Görünən odur ki, rəsmi Kişniyov Ukraynadan sonra sıranın ona gəlməsindən ehtiyat edir və buna hazırlaşır.
 
Kremlin Moldovaya ehtimal 3 təzyiq rıçaqı mövcuddur!
 
Rusiya-Ukrayna müharibəsi ilə bütün keçmiş SSRİ ölkələrinə neytral qalmaları mesajını verdi. Bu mesaj Moldova üçün də keçərlidir. Moldova MDB ölkələri içərisində Rusiyanın ən çox təsir imkanına malik olduğu ölkədir. Bunu rəsmi Kişniyov da yaxşı bilir. 
İndiki məqamda Kreml Moldovada 4 təzyiq rıçağından istifadə edə bilər:
 
Birincisi, digər MDB ölkələri kimi Moldova da uzun illərdir münaqişədən əziyyət çəkir. Rəsmi Kişniyovun hakimiyyətini tanımayan kommunist "Dnestryanı” özünü müstəqil ölkə sayır. Kremlin mətbəxinin məhsulu olan bu münaqişə Rusiya faktoruna görə bu gün də davam etməkdədir. Təsadüfi deyil ki, Rusiya bu gün də Odessanı işğal edib oradakı qoşunları Moldova sərhədləri daxilindəki Dnestryanı bölgəyə yeridəcəyi siqnalarını verir. Rəsmi Moskva bununla Moldova hakimiyyətini Donetsk və Luqanskın müstəqiliyini tanıdığı kimi Dnesteryanın da müstəqilliyini tanıyıb onu müdafiə edə biləcəyi ilə hədələyir.
 
İkincisi, Ukraynadan fərqli olaraq Moldovada hələ də Rusiyaya sadiq eks-prezident İqor Dodon faktoru var. Dodon hakimiyyəti Sanduya təhvil versə də, hər fürsətdə onu tənqid etməkdən çəkinmir. 
 
Digər tərəfdən, Dodonu dəstəkləyən kifayət qədər rus meyilli elektorat da mövcuddur. Yəni Kreml hər an bu ölkədə qarışıqlıq yarada, hakimiyyət mübarizəsini qızışdıra bilər.
 
Üçüncüsü, son illərdə Moldovanın Qaqauziya Muxtar Bölgəsində yerli əhali ilə Moldova hakimiyyəti arasında narazılıqlar artmaqdadır. Son olaraq, bu ilin yanvar ayında Qaqauziyanın paytaxtı Komratda enerji resurslarının tariflərinin artırılmasına etiraz olaraq mitinq keçirilmişdi. Düzdür, qaqauzlar separatçı fəaliyyət göstərməsə də, Kremlin Dnestryanıya qoşun yerləşdirməsi qaqauzları da cəsarətləndirə və rəsmi Kişniyova qarşı ayaqlandıra bilər. Bu mənada Rusiyanın Moldovaya qarşı alternativ qaqauz kartı da mövcuddur.
 
Nəticə etibarilə, Moldovanın Avropa Birliyinə (AB) üzv olması üçün rəsmi ərizəni imzalaması Kişniyovu Kremlin qəzəbinə tuş gətirə bilər. Prinsip etibarilə, Ukraynaya müharibə elan edən Rusiya Ukraynadan bir neçə dəfə kiçik Moldovaya da qoşun yeridə bilər. Və ya yuxarıda qeyd etdiyim təzyiq rıçaqlarından istifadə edə bilər. 
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR