Qərbin qardaş ölkə ilə bağlı planları işə düşdü? - \"Türkiyənin Ukraynaya ordu göndərməsi...\"

Qərbin qardaş ölkə ilə bağlı planları işə düşdü? - \
Ukrayna-Rusiya müharibəsi  proseslərində Zelenskinin Avropa ilə yanaşı, daha çox kömək istədiyi ölkələrdən biri Türkiyədir. O, mütəmadi olaraq Türkiyədən yardım istəyir, Montre müqaviləsi ilə bağlı fikirlər səsləndirir.
 
Bəs, proseslər Türkiyə ilə Rusiyanı üz-üzə qoya bilərmi? Yaxud Türkiyə müharibəyə qoşulmağa təhrik ediləcəkmi?

Bununla əlaqəli Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ukrayna prezidenti Zelenskinin Qərbdən, xüsusilə hərbi müstəvidə lazımi dəstəyi ala bilməməsi, onun Türkiyəyə üz tutmasına səbəb olub:

"Türkiyə və Ukrayna münasibətləri daim yüksək səviyyədə olub. Zelenskinin Türkiyənin onlara dəstək mövzusunda atacağı addımlar, özəlliklə Rusiyaya təzyiqi istiqamətdə böyük ümidləri var. Təbii ki, Türkiyə Ukraynaya lazımi dəstəkləri verir – "Bayraktar”ların  verilməsi, həmçinin Montre razılaşmasına əsasən boğazların rus hərbi gəmilərinin üzünə qapadılması. Amma Türkiyənin ciddi şəkildə Ukraynaya hərbi dəstəyi Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxara bilər. Qardaş ölkə çalışır ki, Rusiya ilə münasibətləri də normal istiqamətdə davam etdirsin”.

Müsahibimiz bildirib ki, Qərbin planlarından biri də Türkiyə-Rusiya qarşıdurması yaratmaqdır:

"Fikrimcə, Türkiyə rəhbərliyi praqmatik addımlar atır, amma onun da Ukraynada Qara dəniz preferiyasında geopolitik maraqları var. Türkiyə artıq regionaldan çox, beynəlxalq müstəvidə olan güclərdən biridir. Hesab edirəm ki, Ukrayna-Rusiya müharibəsində Türkiyənin iki ölkə arasında vasitəçiliyi də bir o qədər ciddi səmərə verməyə bilər. Çünki burada NATO-Rusiya qarşıdurması var və Türkiyə də bu ittifaqın üzvüdür. Eyni zamanda Türkiyənin açıq şəkildə Ukraynanın təhlükəsizliyinin təminatçısına çevrilib rəsmi şəkildə ora ordu göndərməsi gözlənilmir. Hazırkı situasiya gərgindir və Türkiyə çalışır ki, müəyyən istiqamətdə Rusiya ilə ciddi böhrana getməsin”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR