Müharibənin taleyinin həll yolu: "Ukrayna ordusu rusları bu ərazilərə çəkə bilsə..." – Türkiyəli ekspert
Media
14:25 / 04.03.2022
2887
"Hazırda hər kəs Ukrayna xalqının Kiyev və digər şəhərlərdə rus qoşunlarına qarşı əzmkar müqavimətinə fokuslanıb. Ukrayna ordusu və xalqı rusları şəhər döyüşlərinə çəkib, burada onları yorub müharibənin taleyini həll edəcəyini düşünür".
Bu sözləri davam edən Ukrayna-Rusiya müharibəsi haqda danışarkən Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar Sfera.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, bu hər nə qədər effektiv bir vasitə olsa da uzunmüddətli bir müqavimət aparmaq üçün kifayət deyil: "Ukraynalılara gizlənə biləcəkləri, vaxtaşırı hücum edə biləcəkləri, hücum sonrası yenidən geri çəkilə biləcəkləri ərazilər lazımdır. Ukrayna şəhərləri belə bir imkana sahib deyil”
Onun sözlərinə görə, Ukrayna Rusiya müharibəsinin nəticəsini şəhər döyüşləri deyil, keçilməz sıx meşələr, təbii bataqlıqlar və dağlar təyin edəcək:
"Məsələ ondadır ki, Ukrayna ərazisi bu ölkəyə hücum edəcək istənilən ordunun baş ağrısına çevriləcək təbii coğrafi xüsusiyyətlərə malikdir. Misal üçün Çernobıl, "Kusiy ve Marmaroş”, "Svidoveç", "Çorna hora", "Malaya Uqolka – Şirokiy Luq”, "Ugolsko-Şirokolujanski”. Adını çəkdiyim bu meşələr təkcə Ukraynanın deyil, bütün Avropanın ən böyük meşələri hesab edilir. "Hover"la ilə "Massif Çorna Qora" dağı isə Ukraynanın ən hündür dağlarıdır. Bundan başqa Rumıniya ilə sərhəddəki "Karpat" dağları və meşələri də ölkənin ən keçilməz əraziləri hesab edilir.
Adını çəkdiyim meşə və dağlar ukraynalılar üçün rus ordusu qarşısında müvəqqəti geri çəkilib daha sonra yenidən hücum etmə imkanlarına sahibdir.
Ukrayna bataqlıqları isə rus tankarı və texnikasının qarşısını ala bilər. Ukraynalılar ABŞ-dən aldıqları yeni model silahlar ilə rus ordusunu yorub, daha sonra müvəqqəti bu meşələrə, dağlara çəkilə bilər. Rəsmi Kiyev müharibədə ərazi faktorundan istifadə etsə, bu, ruslara şəhər döyüşlərində vurulandan daha böyük zərbə ola bilər”.
Turan Rzayev