Qərb 44 gün göz yumduğu təxribatlara bu dəfə 8 gündə reaksiya verdi - Semyon Peqov həbs ediləcək?
Media
15:47 / 03.03.2022
966
"37 yaşlı Rusiya vətəndaşı Semyon Peqov rəhbərlik etdiyi "WarGonzo” kanalı vasitəsilə Ukraynadakı vəziyyətlə bağlı çaşdırıcı situasiya yaratmaq üçün təxribatçı videolar yayırdı. Məhz buna görə "Youtube” tərəfindən onun kanalı bloklandı. Görünür, S.Peqovun kanalının bloklanması üçün onun mütləq şəkildə hansısa xristian ölkəsində təxribatçı fəaliyyətlə məşğul olması lazım imiş”.
Sfera.az bildirir ki, bunu siyasi analitik Samir Feyruzov deyib. O xatırladıb ki, Peqov eyni təxribatçı hərəkətlərini İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan torpaqlarında da həyata keçirirdi:
"Bəs həmin vaxt Peqovun kanalı niyə bağlanmırdı? Axı bütün dünya görürdü ki, o, "WarGonzo” kanalı vasitəsilə erməni hərbi birləşmələrinin mülki əhalini hədəf alan terrorçu addımlarını dəstəkləyir və təbliğ edir. Peqov cəmi 8 gündür Ukraynada təxribatçı fəaliyyətlə məşğuldur. Ancaq bizim torpaqlarda 44 gün ərzində eyni və daha emosional təxribatlarla məşğul idi. Onun Ukraynadakı təxribatlarını cəmi 8 gün ərzində görən Qərbin sosial platforması olan "Youtube”, Qarabağdakı təxribatlarını 44 gün ərzində görə bilmirdi? Semyon 44 günlük müharibədən sonra Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə Xabarovskda və digər şəhərlərdə erməni kriminal birləşmələri tərəfindən mühafizə olunurdu. Peqov Ağdam yaxınlığında qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb şəkillər çəkdirir, Azərbaycan Ordusunun mövqelərini də lentə alır və Gəncədə, Bərdədə öldürülən mülki əhalinin terrora məruz qalmasına haqq qazandırırdı”.
Ekspert burada iki mühüm detalın diqqət çəkdiyini vurğulayıb:
"Bu, Rusiyanın Azərbaycana qarşı situasiyaya uyğunlaşdırılmış ayrı-seçkilik siyasətinin praktiki elementlərindən biri idi. Moskva bununla insident "minaları” formalaşdırırdı, ermənilərdə psixoloji üstünlük əldə etməyə çalışırdı. Eyni zamanda Rusiyanın müxtəlif şəhərlərində gənc azərbaycanlılar qətlə yetirilirdi. Erməni maqnatların sifarişi ilə qətlə yetirilən azərbyacanlıların qatilləri məsuliyyətə də cəlb edilmirdilər. Digər detal - Qərbin müsəlman-türk ölkələrinə olan münasibətinin ifadəsidir. Peqov sabah Türkiyədə də eyni fəaliyyətlə məşğul olsa idi, onun kanalı bağlanmayacaqdı. Necə ki, Peqovun Şərq ölkələrindəki anarxist fəaliyyəti bu günə qədər heç vaxt bloklanmamışdı. Görünən budur ki, şərq-müsəlman ölkələri bundan sonra Qərbin bütün təşkilatlarının ən üst məqamında yer alsalar da, onları heç vaxt avropalı kimi qəbul etməyəcəklər. Milli strategiyanın daha səmərəli şəkildə qurulması bu baxımdan çox önəmlidir. Qərb Krımı, Donetksi, Luqanskı Rusiyaya bağışlamaq istəmir, amma 30 il ərzində Qarabağın ermənilərin işğalı altında qalmasına göz yumurdu - Rusiya ilə bərabər”.
S.Feyruzov əlavə edib ki, əgər Qərbin niyyəti ciddirsə, o zaman S.Peqovun həbsinə də nail olmalıdırlar:
"Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və o, axtarışa verilib”.
Günay Rəsulqızı
Sfera.az