Yəhudi əsilli Zelenskinin kömək çağırışına yəhudilərdən REAKSİYA: Putinə zəng edildi... – Şərh
14:26 / 03.03.2022
2355
"İsrailin Baş naziri Naftali Bennetin Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi təsadüfi deyil. Görünür, Yəhudi əsilli Zelenskinin çağırışı öz bəhrəsini verdi. Çünki bu danışıq bilavasitə İsrail tərəfinin təşəbbüsü ilə baş tutub”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Naftali Bennet arasında baş tutan telefon danışığını şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Sfera.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Zelenskinin dünya yəhudilərinə səslənməsinin ardınca Bennetin Putinə telefon zəngi etməsi Təl-Əvivin məsələyə biganə qalmadığından xəbər verir:
"Əvvəla, onu deyim ki, telefon danışığı zamanı Vladimir Putin münaqişənin həlli şərtləri, Rusiyanın təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası onun neytral və qeyri-nüvə statusunun təmin edilməsi, habelə Krım məsələsi və Donetsklə Luqanskın Ukrayna tərəfindən tanınması ilə bağlı prinsipial mövqeyini açıqlayıb.
Putinin şərtləri ilk başda şərtdən çox diqtə kimi görünsə də, diqqət ediləsi önəmli məqam var. Məsələ ondadır ki, Putinin müharibə öncəsi Ukraynaya irəli sürdüyü şərtlər daha çox idi. Lakin biz indi görürük ki, Putin əsasən iki şərt üzərində fokuslanıb. Aydın məsələdir ki, Kreml sahibi Ukraynada bu kimi müqavimətlə qarşılaşacağını düşünmürdü. Yəni müharibə uzanacağı təqdirdə Kremlin şərtlərinin daha da azalacağı, hətta Krım xaric, Donbas və Luqanskdan da imtina edəcəyini ehtimal etmək olar”.
S. Hümbətovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi İsrailin maraqlarına uyğundur:
"Rusiya Ukraynanın müqavimətinə görə digər regionlardakı hərbi qüvvələrini də Qara dəniz ətrafına cəmləyir. Bu isə İsrailin də maraqlarının olduğu Suriyada rəsmi Moskva təsirinin azalması deməkdir. Təl-Əviv bu güc boşluğundan istifadə edərək Bəşər Əsədə daha çox təzyiq etmək, adekvat zərbələr vurmaq imkanı əldə edir. Suriyada Əsədin zəifləməsi İsrailə həm də Livan məsələsinə görə lazımdır. İsrail üçün ciddi təhdid ehtiva edən Hizbullahın əsas qalası Livandır. İsrail Hizbullahı burada zəiflədib həm də İranın maraqlarına zərbə vurmaq istəyir. Lakin bütün hallarda İsrail Zelenskinin çağırışına səssiz qalmadığını, Ukraynada yaşayan yəhudilərin taleyi ilə bağlı narahatlıq keçirdiyini göstərmiş oldu”.
Turan Rzayev
Sfera.az