Ukraynalılar rus əsgərinə əvvəlcə çay və çörək verdilər, sonra anasına zəng edib... - Hamı bu görüntülərdən danışır
Media
11:41 / 03.03.2022
1097
Rusiya-Ukrayna müharibəsində əsir düşən və ya təslim olan rus əsgərlərinin vəziyyəti fərqli reallıq nümayiş etdirib.
Sfera.az bildirir ki, bununla bağlı sosial mediada müxtəlif görüntülər paylaşılıb. Belə ki, videolardan birində yerli əhalinin verdiyi çörək-çayla qidalanan əsgərə bir ukraynalı qadın anası ilə danışmağı təklif edib. Onun "ananla danışmaq istəyirsənsə, telefonumu verim” deməsi əsgərin göz yaşlarına boğulmasına səbəb olub. Telefonla görüntülü danışan rus əsgərinə ətrafdakı ukraynalılardan dəstək gəlib. Belə ki, onlar əsgərin anasına səslənərək, "Nataşa, tanrı səninlə olsun. Sənə sonra zəng edəcəyik, oğlun yaşayır və yaxşıdır”, deyə bildiriblər.
Digər tərəfdən Ukrayna Müdafiə Nazirliyi də bu istiqamətdə yeni addım atıb. Nazirlik rus analarını ölkəyə çağıraraq müharibədə əsir düşən və ya təslim olan rus əsgərlərini öz vətənlərinə aparmağa səsləyib.
Xatırladaq ki, daha əvvəl Ukrayna hakimiyyəti əsir düşən rus əsgərlərinin "bizi aldatdılar”, "təlimə gedəcəyimizi düşündük”, "müharibə istəmirik, evə qayıtmaq istəyirik” kimi sözlərinin yer aldığı videogörüntüləri paylaşmışdı.
Günay Rəsulqızı
Sfera.az