Rusiyadan Azərbaycana göndərilən vəsaitlər azalacaq? - AÇIQLAMA
Sfera.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov deyib.
V.Bayramov vurğulayıb ki, sanksiyaların, xüsusən də SWIFT-dən uzaqlaşdırmanın Rusiya iqtisadiyyatını zəiflədəcəyi gözləniləndir:
"Artıq rublun rəsmi məzənnəsi ilə real, yəni bazar kursu arasında kəskin fərq yaranıb. Ukrayna ilə müharibənin davam etdikcə isə sanksiyaların dairəsi genişlənir və potensial mənfi iqtisadi təsirlər artır. Rublun zəifləməsi fonunda Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşəcəyi də gözləniləndir. Bu isə Rusiyada idxalın azalmasına səbəb olacaq. Bu kontekstdən Azərbaycanın Rusiyaya ixracatında da azalmaların olacağı istisna deyil. Digər tərəfdən, Rusiyanın oxşar kənd təsərrüfatı məhsulları idxal etdiyi əsas ölkələr hələlik sanksiyalara qoşulmadığı üçün qadağalar Azərbaycan sahibkarları üçün şimalda əlavə imkanlar yaratmayacaq. Əksinə, alıcılıq qabiliyyətinin azalması Rusiyada idxal məhsullarına tələbi azaldacaq.
Onun sözlərinə görə, sanksiyalar Rusiyada yaşayan həmyerlilərimizə də təsirsiz ötüşməyəcək:
"Bu isə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı anlamına gəlir. Qeyd edək ki, il ərzində fərqli vasitələr ilə Rusiyadan Azərbaycana 1 milyard dollardan artıq vəsaitin göndərildiyi güman olunur. Rusiyaya tətbiq edilən sanksiyalar bir daha təsdiq edir ki, sahibkarlarımızın alternativ bazarlara çıxış imkanlarının genişləndirilməsi çox vacibdir. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlada, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şahələndirilməsinə ehtiyac var".
Gülər
Sfera.az






