Mayın 28-də Şuşada hərbi parad keçirilə bilər? – Rəylər
13:21 / 18.05.2021
1928
"Bu, cəmiyyətimiz tərəfindən müsbət
qarşılanacaq”.
Sfera.az-a açıqlamasında bu sözləri 28 May Respublika Günü münasibətilə Şuşa şəhərində
Azərbaycan Ordusunun tək, və yaxud Türkiyə ilə birgə möhtəşəm hərbi paradın
keçirilməsi təklifini dəyərləndirərkən Milli Məclisin deputatı Aydın Mirzəzadədeyib:
"Ötən il əldə edilən böyük zəfərdən sonra
parad keçirildi. Bu fonda Şuşa şəhərində, habelə işğaldan azad olunan digər mərkəzlərdə
də hərbçilərimizin yürüşü ola bilər. Bu artıq rəhbərliyin qəbul edəcəyi qərardan
asılıdır. Şuşa bu gün hər birimizi fəxr edəcəyi yerdir. İstənilən hərbi paradın
bu şəhərdə keçirilməsi hər zaman cəmiyyətimiz tərəfindən müsbət qarşılanacaq”.
Politoloq Cümşüd Nuriyev isə belə bir addıma gərək
olmadığını düşünür: "Bu, Ali Baş Komandanın verəcəyi qərardır. Azərbaycan öz
gücünü döyüş meydanında göstərib və Bakıda Qələbə paradı keçirilib. Ona görə də
yenidən 28 May bayramında Şuşada hərbi parad keçirilməsinə ehtiyac görmürəm. Güc
göstərməyə ehtiyacımız yoxdur. İkincisi, hazırda Şuşada bərpa işləri gedir. Belə
şəraitdə, həmin tədbiri keçirməyə hansı lüzum var? Amma dövlət belə qərar qəbul
etsə, onu dəstəkləyəcəyik”.
Ehtiyatda olan polkovnik-leytenant İbrahim
Rüstəmli isə təklifə müsbət yanaşır: "Bu
istiqamətdə addım atmaq Azərbaycan dövlətinin müstəsna hüququdur. Şuşada 28
mayda belə bir tədbirin keçirilməsi əslində heç kimdə qıcıq doğurmamalıdır. Ona
görə də həmin gün Azərbaycan və Türkiyə ordularının Şuşada birgə parad keçirmələrinə
müsbət baxıram. Hətta bu paradda digər dost ölkələr də iştirak edə bilər. Belə
bir tədbir keçirilərsə, buna sevinərəm”.