Maşın bazarında vəziyyət dəyişəcək: \"Bu avtomobillərin sayı artacaq, ucuzlaşma isə...”

Maşın bazarında vəziyyət dəyişəcək: \
Bu il Azərbaycan avtomobil idxalını 32% artırıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkəyə 318 milyon ABŞ dolları dəyərində 31 220 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 58,65 % və 31,95% çoxdur.

Maraqlıdır, avtomobil bazarında kəskin artımın olması qiymətə necə təsir edəcək? 

Məsələ ətrafında Sfera.az-a danışan avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər payıza qədər avtomobillərin qiymətinin ucuzlaşmayacağını bildirib:

"Təəssüf ki, Azərbaycana hazırda gətirilən minik avtomobillərinin böyük əksəriyyəti köhnə avtomobillərdir. Hətta bunların arasında ömrünü başa vurmuş avtomobillər də var. Halbuki yaxşı olardı ki, vətəndaşlar yeni avtomobillər gətirməyə can atsınlar. Ölkəmizdə 1.5 milyona yaxın avtomobil mövcuddur. Bunların da böyük əksəriyyəti ömrünü başa vurmuş avtomobillərdir. Avtomobil parkımızı yeniləmək üçün ölkəyə mütləq şəkildə yeni avtomobillər gətirməliyik.

Hazırda mövsümə uyğun olaraq bazarda qiymətlər stabildir. Təxminən 2-5% arasında qiymət artımı aprel-may aylarında müşahidə olunmuşdu. Yay mövsümündə nə artım, nə də azalma müşahidə edilir, qiymətlər stabil qalır. Düşünürəm ki, azı payıza qədər Azərbaycanda həm yeni, həm də ikinci əl avtomobillərdə qiymətlərin kəskin azalması olmayacaq".

Ekspert qarşıdakı dövrdə hibrid avtomobillərin sayının artacağını vurğulayıb:

"Ölkədə elektriklə çalışan avtomobillərin sayı o qədər də çox deyil. Lakin hibridlə çalışanların sayı ilbəil artmaqdadır. Qarşıdakı 5 il ərzində ehtimal olunur ki, Azərbaycanın avtomobil parkının ən azı 20%-ni hibrid avtomobillər təşkil edəcək. Avtomobil parkını yeniləmək üçün öncə ekoloji təmiz avtomobillərin idxalına diqqət ayırmalıyıq. Buraya hibridlə, qazla, elektriklə və hətta hidrogenlə çalışan avtomobilləri cəlb etməliyik. Əsas məqsədlərdən biri də bu növ avtomobillərin ölkəyə idxalı prosesini sadələşdirmək və stimullaşdırmaq olmalıdır. Bunun üçün həvəsləndirici addımlar atmaq lazımdır". 

E.Cəfər köhnə avtomobillərin yığışdırılması məsələsindən də danışıb:

"Ölkəyə ekoloji təmiz avtomobillər gətirən şirkətlər və fiziki şəxslər üçün güzəştlər olmalı, aksiz vergisi tamamilə ləğv edilməli, vergi rüsumları endirilərək simvolik xarakter daşımalıdır. Bu növ avtomobilləri almaq istəyənlər üçün də həvəsləndirici addımlar atılmalıdır. Misal üçün belə tip avtomobil almaq istəyənlər üçün kredit şərtlərini və sığortaları sadələşdirmək lazımdır. Vətəndaşlara köhnə növ avtomobilləri sürməyi qadağan edə bilmərik. Elə addımlar atılmalıdır ki, vətəndaş özü könüllü formada köhnə avtomobilini təhvil verib, yeni növ avtomobil ala bilsin".

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR