"Microsoft" "Windows 10" üçün problemli yeniləməni geri çağırıb
Maraqlı
14:05 / 17.02.2020
2935
"Microsoft" korporasiyası istifadəçilərin çoxsaylı problemlərlə bağlı şikayətlərini nəzərə alaraq "Windows 10"əməliyyat sistemi üçün nəzərdə tutulan KB4524244 identifikatoru altında təhlükəsizlik yeniləməni dayandırıb.
Sfera.az-ın "Securitylab"a istinadən verdiyi məlumata görə, bu yeniləmə kompüter istehsalçılarının yükləmə menecerlərindəki zəifliyi aradan qaldırmaq üçün nəzərdə tutulsa da, bir çox problemlərə səbəb olub. Xüsusilə, HP və "Apple" kompüterlərinin sahibləri bildirir ki, yeniləmə sistemlərin "donması"na və quraşdırılan zaman müxtəlif səhvlərə gətirib çıxarır.
Ayrıca qeyd olunur ki, KB4524244 quraşdırılması "Windows 10"əməliyyat sisteminin əvvəlki vəziyyətinə qaytarılmasına problem yarada bilər.
"Microsoft" kritik səhvlərin mövcudluğunu etiraf edərək, istehsalçı tərəfdaşlarla birlikdə yeniləmənin sabit versiyanı buraxılacağını vəd edib. İstifadəçilərdən isə problemli yeniləmənin silinməsi tövsiyə olunub.