Sürücüsüz mikroavtobuslar Vyanada testdən keçəcək
Maraqlı
16:56 / 13.04.2018
3847
Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən "Vyana Şəhər Xətləri” Şirkəti sürücüsüz hərəkət edəcək mikroavtobusların sınaq yoxlanışına başlayıb.
Sfera.az xəbər verir ki, Fransanın "Navya” şirkətinin istehsalı olan tam avtomatlaşdırılmış iki mikroavtobus gələn ilin əvvəlindən etibarən şəhərin yeni salınmış Zeeştadt Aspern rayonunda hərəkət edəcəklər. Nəqliyyata buraxılmazdan əvvəl isə bu il ərzində mikroavtobuslar sınaqdan keçiriləcək, sərnişinlərlə hərəkət edəcəkləri marşrut üzrə test yoxlanışları aparılacaq və onların hərəkət cədvəli üzrə yol və ətraf ərazini "öyrənməsi” təmin ediləcək. Çoxlu sayda sensorlarla təchiz olunmuş mikroavtobusların müvafiq proqram təminatı təkmilləşdirilməli, yeni texnologiyanın seriya istehsalına hazırlanması üçün bir sıra texniki işlər görülməli, eləcə də nəqliyyat qanunvericiliyində dəyişikliklər aparılmalıdır.
Saatda maksimum 20 km sürətlə hərəkət edəcək mikroavtobuslar 11 sərnişin üçün nəzərdə tutulub və nəqliyyatın sıxlığı az olan saatlarda marşruta buraxılacaq. Avstriya qanunvericiliyi sürücüsüz nəqliyyat vasitələrini qadağan etdiyinə görə, hərəkət vaxtı avtobusda nəzarəti həyata keçirən və lazım gələrsə, onun hərəkətini nizamlayan sürücü-operator olacaq.
Elektrik enerjisi ilə hərəkət edən mikroavtobusların ictimai nəqliyyatda tətbiqi Vyana Şəhər Xətləri, Avstriya Texnologiya İnstitutu, Nəqliyyat Təhlükəsizliyi üzrə Kuratorluq, Avstriya Texniki Nəzarət Cəmiyyəti və "Siemens” şirkətinin 2020-ci ilədək həyata keçirdiyi elmi-tədqiqat layihəsinin tərkib hissəsidir.