"STOP" nişanından "Arvad" sözünə: Deputatların yaddaqalan təklifləri
Azərbaycanda deputatlar müxtəlif dövrlərdə sosial, iqtisadi və hüquqi məsələlərlə yanaşı, gündəlik həyatla bağlı fərqli təşəbbüslərlə də çıxış ediblər. Bu təkliflər arasında sözlərin və adların dəyişdirilməsi, toy və yas mərasimlərinin təşkili, eləcə də əmək münasibətləri ilə bağlı məsələlər yer alıb.
Sfera.az xəbər verir ki, sonuncu belə təkliflərdən biri Milli Məclisin deputatı Hikmət Babaoğlu tərəfindən səsləndirilib.
O, yol nişanlarında istifadə olunan “STOP” sözünün “dur” və ya “toxta” ilə əvəz edilməsini məqsədəuyğun hesab edib.
Qeyd edək ki, əvvəlki illərdə də millət vəkilləri tərəfindən ictimaiyyətin diqqətini çəkən müxtəlif təkliflər irəli sürülüb.
Bəs deputatlar indiyədək hansı maraqlı təşəbbüslərlə çıxış ediblər?
1. Bəhruz Məhərrəmov - “Arvad” sözü qanunvericilikdən çıxarılsın
2026-cı ilin mayında deputat Bəhruz Məhərrəmov qanunvericilikdə işlədilən “arvad” sözünün dəyişdirilməsini təklif edib. O, bu ifadənin müasir dövrdə qadınlar tərəfindən qəbul edilmədiyini bildirib.
2. Rafael Hüseynov - “Milli Məclis” yox, “Millət Məclisi” olsun
2026-cı ilin fevralında deputat Rafael Hüseynov parlamentin adının “Millət Məclisi” olaraq dəyişdirilməsini təklif edib. O, təşəbbüsünü Azərbaycan dilinin qrammatik qaydaları ilə əsaslandırıb.
3. Qüdrət Həsənquliyev - Milli Məclis “Ali Məclis” adlandırılsın
2023-cü ildə deputat Qüdrət Həsənquliyev parlamentin adının “Ali Məclis” olaraq dəyişdirilməsi təklifini irəli sürüb.
4. Qüdrət Həsənquliyev - Azərbaycanın adı “Şimali Azərbaycan” olsun
Deputat 2022-ci ildə ölkənin adının “Şimali Azərbaycan” olaraq dəyişdirilməsini təklif edib. O, 2026-cı ildə də bu məsələni yenidən gündəmə gətirib.
5. Tahir Kərimli - Ayların adları dəyişdirilsin
2019-cu ildə sabiq deputat Tahir Kərimli ayların adlarının milliləşdirilməsini təklif edib. T.Kərimli təqvim aylarının adlarına paralel olaraq bu adları irəli sürüb: İlk ay (yanvar), soyuq ay (çillə ay) (fevral), boz ay (mart), yağış ayı (aprel), çiçək ayı (may), əkin ayı (iyun), isti ay (iyul), biçin ayı (avqust), məhsul ayı (sentyabr), qızıl ay (oktyabr), xəzəl ayı (noyabr), son ay (dekabr). Onun bu təklifi sosial şəbəkələrdə tənqid edilib.
6. Aydın Hüseynov - Toylarda yeməklərə norma qoyulsun
2022-ci ildə deputat Aydın Hüseynov toy mərasimlərində hər qonaq üçün sifariş edilən ərzaq məhsullarına müəyyən normalar tətbiq olunmasını təklif edib. O, bunu israfçılığın qarşısının alınması ilə əsaslandırıb.
7. Rauf Əliyev - Qadınlar həftəsonu işləməsin
2023-cü ildə deputat Rauf Əliyev qadınların şənbə və bazar günləri işləməməsi təklifi ilə çıxış edib. Bu fikir parlamentin komitə iclasında müzakirə olunub.
8. Əziz Ələkbərli – Toylarda 30 manatdan baha menyular qadağan edilsin
2021-ci ildə deputat Əziz Ələkbərli şadlıq evlərində 30 manatdan baha menyuların qadağan olunmasını təklif edib.
9. Mübariz Qurbanlı - İşləməyən qadınların pensiyasına ərlərinin maaşından pul ayrılsın
2025-ci ildə Mübariz Qurbanlı həyat yoldaşının işləməsinə icazə verməyən kişilərin əməkhaqqından qadının pensiya fonduna vəsait ayrılmasının qanuniləşdirilməsini təklif edib.
Beləliklə, müxtəlif illərdə deputatlar tərəfindən dil, qanunvericilik, sosial münasibətlər və məişət məsələlərini əhatə edən fərqli təşəbbüslər irəli sürülüb. Bu təkliflərin bir qismi ictimai müzakirələrə səbəb olub, digərləri isə müəyyən sahələrdə dəyişikliklərin mümkünlüyü ilə bağlı fikir mübadiləsi yaradıb.
Onu da bildirək ki, sadalanan təkliflərin bir hissəsi Milli Məclisin iclaslarında, digərləri isə deputatların mediaya açıqlamalarında və müxtəlif tədbirlərdə səsləndirilib.
Şahanə Ziyad






