Evini tarakanlar basdı- 3 uşağını götürüb qaçır
ABŞ-da üç uşaq atası yaşadığı mənzillərdə tarakanların çoxalması səbəbindən ailəsi ilə birlikdə başqa ştata köçmək barədə düşünür.
Sfera.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Florida ştatında yaşayan Cey adlı kişi oktyabrın 21-də yayımlanan “The Ramsey Show” proqramına müraciət edərək üzləşdiyi çətinliklərdən danışıb.
Beş ildir sevgilisi ilə birlikdə yaşayan kişinin iki yaşından kiçik üç övladı var. O bildirib ki, ailəsi yanvar ayında Floridaya köçüb. Lakin burada yaşadıqları iki fərqli mənzildə eyni problemlə qarşılaşıblar.
Ceyin sözlərinə görə, mənzillərə yerləşdikdən üç-altı ay sonra divarlardan tarakanlar çıxmağa başlayıb. Bu vəziyyət ailənin həyatını çətinləşdirib.
Kişi həftədə təxminən 50 saat işlədiyini, sevgilisinin isə uşaqlara baxdığı üçün işləmədiyini açıqlayıb. Ailənin aylıq gəliri 3600 dollardır. Bunun üçdəbirindən çoxu kirayəyə xərclənsə də, onlar hər ay təxminən 800 dolları borcların ödənilməsinə və yığıma ayıra bilirlər.
Cey çıxış yolu kimi Massaçusets ştatında yaşayan valideynlərinin yanına köçməyi nəzərdən keçirir. Onun fikrincə, bu halda uşaqlara baxmaqda kömək alacaq, sevgilisi də işləyə biləcək.
Lakin kişi atasının evində münasibətlərin gərgin olduğunu etiraf edərək köçməyin daha ciddi problemlər yarada biləcəyindən narahatlığını bildirib.
Proqramın aparıcıları Corc Kamel və Ceyd Uorşou isə ailəyə yalnız tarakan probleminə görə başqa ştata köçməməyi məsləhət görüblər. Onlar daha münasib kirayə mənzil axtarmağı və gəliri artırmağın yollarını araşdırmağı tövsiyə ediblər.
Ceyin yekun olaraq hansı qərarı verdiyi açıqlanmayıb.






