100 yaşlı pianoçu uzunömürlülüyünün 4 sirrini açıqladı
ABŞ-də yaşayan 100 yaşlı pianoçu Qloriya uzunömürlü olmasına kömək edən vərdişlərdən danışıb. O, yaşına baxmayaraq, hər gün piano ifa edir, elmi və tarixi kitablar oxuyur.
Sfera.az xəbər verir ki, bu barədə “TODAY.com” nəşri məlumat yayıb.
Soyadının açıqlanmasını istəməyən Qloriya özü də bu qədər uzun yaşamasına təəccübləndiyini bildirib. O, gümrah qalmasına kömək edən dörd əsas prinsipini bölüşüb.
Qadının sözlərinə görə, insan sahib olduğu illərə görə xoşbəxt olmalı, hər günə minnətdarlıqla yanaşmalı və yaxınlarının həyatında fəal iştirak etməlidir. O, həmçinin həddindən artıq özünə fokuslanmamağın və təvazökar olmağın vacibliyini vurğulayıb.
“Əlinizdə olan illərlə xoşbəxt olun. Hər günə görə minnətdar olun. Hər gün önəmlidir”, – deyə o bildirib.
Qloriya üç övladı və iki nəvəsi ilə sıx münasibət saxlayır, onlarla hər gün ünsiyyət qurur. Onun fikrincə, ailə ilə əlaqələrin qorunması həyatın vacib hissəsidir.
Musiqi də pianoçunun həyatında xüsusi yer tutur. O, uşaqlıqdan piano ilə məşğul olub, Vaşinqton Universitetinin musiqi kafedrasında katib işləyib. Hazırda da əsasən klassik musiqi ifa edir.
“Piano çox ifadəli alətdir. Sanki öz kiçik orkestrinə sahib olursan”, – deyə Qloriya qeyd edib.
Onun digər maraq dairəsi isə elmi və tarixi ədəbiyyatdır. Xüsusilə astronomiyanı sevdiyini deyən qadın bu sahənin insana dünyaya daha geniş prizmadan baxmağa imkan verdiyini düşünür.
Qeyd edək ki, daha əvvəl Çində yaşayan 106 yaşlı Van Dinqaonun da uzunömürlülük vərdişləri barədə məlumat yayılmışdı. O, nikbinliyi, ailə ənənələrini, işə və öyrənməyə marağı uzun ömrünün əsas amilləri sırasında göstərmişdi.
Fatimə
Sfera.az






