Dünya liderlərinin qəribə qorxuları: Mikroblardan, təyyarədən çəkinənlər

Dünya liderlərinin qəribə qorxuları: Mikroblardan, təyyarədən çəkinənlər
Kateqoriya məlum deyil
T

Dünya liderləri haqqında danışarkən, adətən onların siyasi qərarları, ölkələrarası münasibətləri, müharibələr və iqtisadi siyasətləri diqqət mərkəzində olur.

Lakin dövlət başçılarının şəxsi həyatları, gündəlik vərdişləri və qeyri-adi qorxuları da ictimai maraq doğuran mövzulardandır. Bəzən milyonlarla insana rəhbərlik edən şəxslərin adi insanların da qarşılaşdığı qorxulara sahib olması, bəzən isə onların davranışlarının qeyri-adi görünməsi diqqət çəkir.

Sfera.az-ın araşdırmasına görə, bəzi liderlər müəyyən qorxularını açıq şəkildə etiraf edib, digərləri haqqında isə bu barədə məlumatlar keçmiş əməkdaşların açıqlamalarında və diplomatik sənədlərdə yer alıb.

Məsələn, ABŞ Prezidenti Donald Tramp mikroblardan çəkinməsi barədə özü danışıb, Şimali Koreyanın keçmiş lideri Kim Çen İnin isə təyyarə ilə uçmaq əvəzinə zirehli qatardan istifadə etməsi uzun illər müzakirə mövzusu olub.

Donald Tramp mikroblardan niyə çəkinir?

“Vaşinqton Post”un yazdığına görə, Tramp 1997-ci ildə nəşr olunan “The Art of the Comeback” kitabında əllərini mümkün qədər tez-tez yumağa üstünlük verdiyini qeyd edib. O, əl sıxmağı da tənqid edərək bu adəti xoş qarşılamadığını bildirib. 2017-ci ildə isə özünü açıq şəkildə “germaphobe” adlandırıb. Bu söz mikroblardan və çirklənmədən həddindən artıq çəkinən şəxslər üçün işlədilir. Trampın bu xüsusiyyəti 2019-cu ildə Ağ Evdə baş verən hadisə zamanı da diqqət çəkib. O, televiziya müsahibəsi zamanı həmin vaxt Ağ Evin aparat rəhbəri vəzifəsini icra edən Mik Malvaninin öskürməsinə etiraz edib və öskürən şəxsin otaqdan çıxmalı olduğunu deyib. Hadisə mediada geniş müzakirə olunub.

Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putinlə bağlı da məlumatlar yayılıb. Belə ki, ən çox müzakirə olunan hadisələrdən biri onun xarici ölkə liderləri ilə görüşlər zamanı tətbiq etdiyi qeyri-adi təhlükəsizlik tədbirləridir.

2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronun Moskvaya səfəri zamanı iki liderin təxminən dörd metr uzunluğundakı masanın qarşı tərəflərində əyləşməsi dünya mediasının diqqətini çəkib. Görüntülər sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub. “Reuters” agentliyinin məlumatına görə, Makron Rusiya tərəfinin koronavirus testi ilə bağlı tələbinə razılıq verməyib. Fransa prezidentinin ətrafındakı mənbələr onun Rusiya tərəfinin testindən imtinasını DNT məlumatlarının əldə edilməsi ilə bağlı təhlükəsizlik narahatlığı ilə izah ediblər.

Kreml isə Putinin sağlamlığını qorumaq üçün ciddi protokol tətbiq edildiyini bildirib.

Dövlət başçılarının şəxsi qorxularının diplomatik münasibətlərdə necə müzakirə mövzusuna çevrilə biləcəyini göstərən hadisələrdən biri Almaniyanın keçmiş kansleri Angela Merkel və Vladimir Putin arasında yaşanıb.

2007-ci ildə Soçidə keçirilən görüş zamanı Putinin Koni adlı böyük qara labradoru otağa daxil olub. Merkelin itlərdən qorxduğu barədə məlumatlar mövcud idi və hadisə zamanı onun narahat olduğu müşahidə edilib. Sonradan Merkel öz xatirələrində bu epizoda toxunaraq vəziyyətin onu narahat etdiyini yazıb. Hadisənin qəsdən təşkil edilib-edilməməsi isə ayrıca müzakirə mövzusu olub. 2024-cü ildə Putin Merkelin xatirələri yenidən gündəmə gəldikdən sonra məsələ ilə bağlı açıqlama verib. O, iti vasitəsilə Merkelin qorxusundan istifadə etmək niyyətinin olmadığını, həmin vaxt onun itlərdən qorxduğunu bilmədiyini bildirib və narahatlıq yaratdığına görə üzr istəyib.

Kim Çen İr niyə təyyarə ilə uçmaq istəmirdi?

Dünya liderləri arasında uçmaqdan çəkinməsi ilə ən çox tanınan şəxslərdən biri Şimali Koreyanın keçmiş lideri Kim Çen İr olub. O, xarici səfərlərində əsasən xüsusi zirehli qatardan istifadə edirdi. Bu qatar adi sərnişin qatarından fərqli olaraq, təhlükəsizlik məqsədilə xüsusi təchiz edilib. Kim Çen İr Çin və Rusiyaya səfərləri zamanı da bu nəqliyyat vasitəsinə üstünlük verirdi. Onun təyyarə ilə uçmaqdan qorxduğu barədə məlumatlar uzun illər yayılıb. Keçmiş mühafizəçilərin və onunla bağlı məlumat verən şəxslərin açıqlamalarında da bu xüsusiyyətə toxunulub. Bununla belə, bəzi mənbələr onun qatar seçiminin yalnız uçuş qorxusu ilə deyil, Şimali Koreyanın təyyarə parkının vəziyyəti və təhlükəsizlik məsələləri ilə də əlaqəli ola biləcəyini qeyd ediblər. Kim Çen İrin qatar səfərləri ilə bağlı başqa maraqlı detallar da mediada yer alıb. Onunla Rusiyada qatarla səyahət etmiş keçmiş rusiyalı nümayəndə Konstantin Pulikovski liderin səfər zamanı xüsusi yeməklər sifariş etdiyini, hətta ona diri xərçənglər gətirildiyini bildirib. Bu hekayələr Şimali Koreya rəhbərliyinin səfərlərinin nə qədər qapalı və qeyri-adi təşkil olunduğunu göstərir.

Liviya tarixinin ən çox müzakirə olunan siyasi fiqurlarından biri olan Müəmmər Qəddafi də qeyri-adi şəxsi vərdişləri ilə tanınıb.

Onun qorxuları barədə məlumatlar 2009-cu ildə ABŞ diplomatlarının hazırladığı və sonradan yayılan diplomatik yazışmalarda əks olunub. “Guardian” qəzetinin dərc etdiyi sənədlərə əsasən, Qəddafinin yüksək mərtəbələrdə qalmaqdan xoşlanmadığı, binalarda çoxlu pilləkən qalxmaq istəmədiyi və su üzərindən uzun uçuşlardan çəkindiyi bildirilib. Yazışmalarda onun yerləşdiriləcəyi məkanın seçilməsi zamanı bu xüsusiyyətlərin nəzərə alındığı qeyd olunub. Qəddafi xarici səfərlərində bədəvi çadırı qurması ilə də tanınırdı.

Bu çadır onun görüşlər keçirdiyi və qonaqları qəbul etdiyi məkan kimi istifadə olunurdu. Çadırda qalmaq həm şəxsi seçim, həm də onun özünü Liviya və bədəvi ənənələri ilə bağlı göstərən siyasi obrazının bir hissəsi idi.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR