Dünyanın ən təsirli vəhşi təbiət fotoları – Ölü balasını daşıyan fil diqqət çəkdi

Dünyanın ən təsirli vəhşi təbiət fotoları – Ölü balasını daşıyan fil diqqət çəkdi
Kateqoriya məlum deyil
T

Ölü balasını xortumu ilə daşıyan ana filin təsviri 2026-cı ilin “İlin Vəhşi Təbiət Fotoqrafı” müsabiqəsinin qalibi olub.

Təsirli foto təbiətdə heyvanların davranışlarını, onların emosional reaksiyalarını və vəhşi təbiətin qorunmasının əhəmiyyətini bir daha gündəmə gətirib.

Sfera.az xəbər verir ki, İtaliya vəhşi təbiət fotoqrafı Federiko Veronesinin çəkdiyi “The Aftermath” adlı ağ-qara foto Namibiyanın Huab çayı vadisində lentə alınıb.

Fotoqraf ərazidə filləri izləyərkən qurumuş çay yatağının qumlu səthində qeyri-adi izlər görüb. İzləri izləyərək fil ailəsinə yaxınlaşıb və ana filin ölü balasını dişi ilə xortumu arasında daşıdığını müşahidə edib. Fillərin ölmüş balalarına və digər fərdlərə münasibəti əvvəllər də tədqiqatçıların diqqətini çəkib.

Bu heyvanların ölən fərdlərin yanında qalması, onların sümüklərinə toxunması və müxtəlif səslər çıxarması müşahidə olunub. Bu davranışların heyvanların emosional reaksiyaları ilə əlaqəli ola biləcəyi düşünülür. Müsabiqənin münsiflər heyətinin sədri Keti Moran fotonu emosional baxımdan güclü və təsirli görüntü kimi qiymətləndirib.

Gənc fotoqrafın çəkdiyi böcək fotosu da qalib oldu

2026-cı ilin gənc vəhşi təbiət fotoqrafı mükafatını Zimbabvenin Zambezi Milli Parkında peyin böcəyini çəkən Oskar Uitfild qazanıb. O, mükafat qazanan fotonu çəkərkən 14 yaşında olub.

“Əmək və sevgi” adlandırılan fotoda böcəyin fəaliyyət anı əks olunub. Fotoqraf böcəyi onun göz səviyyəsindən çəkmək üçün yerə uzanıb. Günəş işığı və isti hava ətrafda tozlu görüntü yaradaraq fotoya xüsusi görünüş verib.

Peyin böcəkləri ekosistemdə mühüm rol oynayır. Onlar heyvanların peyinini torpağa basdıraraq onun parçalanmasını sürətləndirir və peyindən yaranan metan qazının miqdarının azalmasına kömək edə bilirlər. Bu proses həmçinin bəzi zərərvericilərin çoxalmasını məhdudlaşdırır.

Vəhşi heyvanlar şəhərlərdə də yaşayır

Müsabiqənin qalib fotoları heyvanların insanlarla eyni ərazilərdə necə yaşadığını da göstərib.

ABŞ-li fotoqraf Loren Elliott San-Fransiskoda yaşayan koyotların həyatını əks etdirən fotolarına görə mükafat qazanıb. Şəhərdə təxminən 100 koyotun yaşadığı ehtimal edilir. Bu heyvanlar bəzən ev heyvanlarına hücum etsələr də, xəstəlik daşıyan gəmiricilərin sayının azalmasına da kömək edirlər. Britaniyalı fotoqraf Set Forestson isə Banqkokdakı Lumphini parkında ovunu daşıyan su varanını lentə alıb. “Şəhər cəngəlliyi” adlandırılan fotoda iri kərtənkələnin şəhər mühitinə uyğunlaşması əks olunub. Bu heyvanlar park göllərindəki balıqlar və digər qida mənbələri hesabına şəhər şəraitində yaşaya bilirlər.

Dənizlərin dərinliklərindən də təsirli görüntülər

Müsabiqədə sualtı aləmi əks etdirən fotolar da diqqət çəkib. Britaniyalı fotoqraf Aaron Sanders İngiltərənin Kornuoll sahillərində çəkdiyi ahtapot fotosu ilə heyvan portreti kateqoriyasında qalib olub. Fotoqraf sualtı çəkiliş zamanı yosunların arasında gizlənən osminoqu müşahidə edib. Onun sözlərinə görə, bir müddət hərəkətsiz qalaraq heyvanla bir-birlərini izləyiblər. Digər qalib fotoda isə İndoneziyanın Papua sahillərində balıqçı torlarının yaxınlığında üzən balina köpəkbalığı əks olunub. Bu növün sayının son onilliklərdə gəmi toqquşmaları, balıqçılıq avadanlıqlarına ilişmə və qanunsuz ov səbəbindən ciddi şəkildə azaldığı bildirilir.

Mükafat qazanan fotolar sərgilənəcək

2026-cı il müsabiqəsinə 121 ölkə və ərazidən rekord sayda – 65 403 foto təqdim olunub. Əsas mükafatla yanaşı, müxtəlif kateqoriyalar üzrə daha 19 qalib seçilib. “İlin Vəhşi Təbiət Fotoqrafı” müsabiqəsi London Təbiət Tarixi Muzeyi tərəfindən təşkil olunur. Qalib fotolar 16 oktyabr 2026-cı ildən 2027-ci ilin iyul ayına qədər muzeydə nümayiş etdiriləcək.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR