Dəb dünyasında yeni trend: Dağınıq saçlar yenidən gündəmdə
Saç düzümündə səliqəli və qüsursuz görünüş artıq yeganə seçim deyil. Moda dünyasında təbii, dağınıq və bir qədər qabarmış saç düzümləri ön plana çıxıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Vogue” jurnalının redaktorları Milan, Paris, Nyu-York və Londonda keçirilən moda həftələrində dağınıq saç düzümlərinin əsas trendlərdən birinə çevrildiyini bildiriblər.
“Prada”, “Celine”, “Dior” və “Hermes” kimi brendlərin nümayişlərində modellər podiuma daranmamış təsiri bağışlayan, qabarmış və təbii görünüşlü saçlarla çıxıblar. Nəşrin yazdığına görə, bu üslub daha sərbəst və təbii qadın obrazını ön plana çıxarmaq məqsədi daşıyır.
Ekspertlər vurğulayıblar ki, burada söhbət həddindən artıq səliqəsiz görünüşdən getmir. Əksinə, yeni trend təbii saç quruluşunu gizlətməməyə, xırda qüsurları düzəltmək üçün çox vaxt sərf etməməyə və daha rahat görünüşə üstünlük verməyə imkan yaradır.
Xatırladaq ki, oktyabr ayında Paris Moda Həftəsində “Miu Miu” brendinin nümayişindən sonra qəsdən səliqəsiz görünən manikür də diqqət çəkən trendlərdən birinə çevrilmişdi.
Fatimə
Sfera.az






