Azərbaycanda 25 gün - Bəs dünyada heyvan zorakılığının cəzası nədir?

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb.
Heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka müddətinə inzibati qaydada həbs olunub. Yayılan görüntülərdə itin hündürmərtəbəli binadan yerə atıldığı, binanın giriş hissəsinin üzərinə düşən heyvanın isə öldüyü əks olunub.
Məsələ cəmiyyətin diqqətini heyvanlara qarşı qəddarlığa görə Azərbaycanda tətbiq olunan cəzaların yetərliliyi məsələsinə də yönəldib.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Cavid Rəhimli bildirib ki, iti qəddarlıqla öldürən şəxsə 25 günlük inzibati həbs verilməsi mövcud qanunvericilik baxımından mümkün olsa da, bu cür hallara görə sanksiyaların sərtləşdirilməsinə ehtiyac var.

Onun sözlərinə görə, qanunvericilik belə hallarda maksimum 30 günlük inzibati həbsə imkan verir. Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftar etməyə, yəni onlara ağrı, əzab və işgəncə verməyə, döyməyə və ya döyüşdürməyə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.
Əməl nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə cərimə 800-1000 manat, heyvanın şikəst edilməsinə səbəb olduqda 1000-1500 manat təşkil edir. Ən ağır hal olan heyvanın tələf edilməsinə səbəb olan rəhmsiz rəftar zamanı isə 1500-2000 manat cərimə və ya şəxsin vəziyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq edilə bilər.
Bəs digər ölkələrdə vəziyyət necədir?
Vəkil Turan Abdullazadənin diqqət çəkdiyi kimi, bir sıra ölkələrdə heyvanın qəsdən öldürülməsi və ağır zorakılığa məruz qalması inzibati xəta deyil, cinayət kimi qiymətləndirilir.

Onun sözlərinə görə, Türkiyə, Almaniya, İtaliya və İspaniyada bununla bağlı cəzanın minimum həddi azı 1 ildən başlayır, maksimum həddi isə 3-6 il arasında dəyişir.
Məlumat üçün bildirək ki, Türkiyədə ev heyvanını qəsdən öldürən şəxs 6 aydan 4 ilədək azadlıqdan məhrum edilə bilər. Heyvana işgəncə və ya qəddar rəftar da ayrıca cinayət məsuliyyəti yaradır. Almaniyada isə Heyvanların Mühafizəsi haqqında Qanunun 17-ci maddəsinə əsasən, onurğalı heyvanı əsaslı səbəb olmadan öldürən və ya ona qəddarlıqla ciddi ağrı və əzab verən şəxs 3 ilədək həbs və ya cərimə ilə cəzalandırıla bilər.
İtaliyada da heyvanın qəddarlıqla və ya zərurət olmadan öldürülməsi cinayət hesab olunur. 2025-ci ildə qüvvəyə minən dəyişikliklərlə heyvanın öldürülməsinə görə əsas cəza 6 aydan 3 ilədək həbs və 5 min manatdan 30 min avroyadək deyil, məhz 5 min-30 min avro məbləğində cərimə kimi müəyyənləşdirilib. Əgər əməl heyvana işgəncə verməklə və ya onun əzabını qəsdən uzatmaqla törədilərsə, cəza 1 ildən 4 ilədək həbs və 10 min-60 min avro cərimə ola bilər. İspaniyada isə 2023-cü ildən qüvvədə olan Cinayət Məcəlləsi dəyişikliklərinə əsasən, heyvana vurulan zərər onun ölümü ilə nəticələndikdə, müəyyən hallarda 12 aydan 24 ayadək həbs və heyvan saxlamaqla bağlı hüquqlardan 2-4 il müddətinə məhrumetmə tətbiq edilir.
Firuzə Əliyeva






