ABŞ-yə proqramçı kimi getdi, paxlava ustası oldu

Türkiyənin Qaziantep şəhərində yaşayan 52 yaşlı Adnan Yılmaz İstanbulda proqram mühəndisliyi üzrə təhsil aldıqdan sonra magistratura üçün getdiyi ABŞ-də gözlənilməz şəkildə paxlava ustasına çevrilib.
Sfera.az xəbər verir ki, Yılmaz İstanbulda proqram mühəndisliyi təhsili aldıqdan sonra 2000-ci illərin əvvəllərində biznes idarəçiliyi üzrə magistr təhsili almaq üçün ABŞ-yə gedib.
O, burada həm proqramçı kimi çalışıb, həm də magistratura təhsili alıb.
Lakin daha sonra peşəsini dəyişmək qərarına gələn Yılmaz Qaziantep paxlavasını ABŞ-də tanıtmaq və satmaqla məşğul olmağa başlayıb.
Paxlava hazırlamağın incəliklərini öyrənmək üçün Qaziantepə qayıdan Yılmaz burada ustalaşıb. Daha sonra ABŞ-yə qayıdaraq fəaliyyətini davam etdirib.
Hazırda Yılmaz ABŞ-nin müxtəlif ştatlarında keçirilən tədbirlərə və şirkətlərə Qaziantep paxlavası göndərir. O, ingilis dilində hazırladığı paxlava bişirmə videosu ilə də sosial mediada diqqət çəkib:
“ABŞ-də müxtəlif ştatlara və şirkətlərə paxlava göndərirəm. Los-Ancelesdə Elon Maskın şirkəti "SpaceX"ə, eləcə də dünyaca məşhur Paris Hiltonun iştirak etdiyi bir tədbirə Qaziantep paxlavası göndərmişəm”.
İradə Elsevər






