Bu smartfonların sonu gəlir – 230 milyon cihaz bazardan silinəcək

Qiyməti 200 dollardan aşağı olan smartfonların bazarı qarşıdakı illərdə kəskin şəkildə darala bilər.
Sfera.az xəbər verir ki, Counterpoint Research analitiklərinin proqnozuna görə, 2030-cu ilə qədər qiyməti 200 dollardan aşağı olan smartfonların illik tədarükü 230 milyondan çox azalacaq. Bu seqment 2025-ci illə müqayisədə təxminən 40 faiz kiçiləcək. Bununla yanaşı, ümumi smartfon bazarının illik 1,2 milyard cihaz səviyyəsinə qədər bərpa olunacağı gözlənilir.
Əsas səbəb yaddaş və çipsetlərin qiymətinin sürətlə bahalaşmasıdır. 2026-cı ilin ilk iki rübündə operativ yaddaşın qiyməti iki dəfədən çox artıb. Nəticədə büdcə smartfonlarının maya dəyəri təxminən 25 faiz, orta qiymət seqmentində 15 faiz, flaqman modellərdə isə 10 faiz yüksəlib.
Ucuz smartfonlarda istehsalçıların xərcləri kompensasiya etmək imkanları daha məhdud olduğundan ən böyük təzyiq məhz bu seqmentə düşür.
Proqnoza əsasən, 2030-cu ilə doğru əsas rəqabət orta qiymət kateqoriyasında gedəcək. Qiyməti 200 dollardan yüksək smartfonların satışının təxminən 26 faiz artacağı, premium seqmentin isə ildə orta hesabla 7 faiz böyüyəcəyi gözlənilir.
Bu dəyişiklik ən ciddi şəkildə inkişaf etməkdə olan ölkələrin əhalisinə təsir edə bilər. Çünki milyonlarla insan üçün ucuz smartfon internetə çıxışın əsas vasitəsi olaraq qalır. Analitiklər hesab edirlər ki, ümumi bazar satış həcminə görə bərpa olunsa da, ucuz smartfon seqmenti əvvəlki mövqeyini geri qaytara bilməyəcək. Bu isə yoxsul regionlarda düyməli telefonlardan smartfonlara keçidi ləngidə bilər./musavat






