Bu qidaları birlikdə yeməyin!

Bəzi qidaların birlikdə istehlakı sağlam insan üçün təhlükəli olmasa da onların tərkibindəki maddələr vitamin və mineralların orqanizm tərəfindən mənimsənilməsinə təsir göstərə bilər. Xüsusilə dəmir çatışmazlığı olan insanlar qidaların qəbul vaxtına diqqət etməlidirlər.
Sfera.az xəbər verir ki, mütəxəssislərin diqqət çəkdiyi əsas nümunələrdən biri dəmir tərkibli qidalarla çay və qəhvənin birlikdə qəbul edilməsidir. Harvard mütəxəssislərinin məlumatına görə, çay və qəhvədəki bəzi birləşmələr, xüsusilə tanninlər, dəmirin sorulmasını azalda bilər.
Bu səbəbdən ət, paxlalılar, mərcimək və digər dəmir mənbələri ilə zəngin yeməkdən dərhal sonra çay və ya qəhvə içmək əvəzinə, onları ayrı vaxtlarda qəbul etmək daha məqsədəuyğun hesab olunur. NHS dəmir preparatları qəbul edən şəxslərə çay, qəhvə və süd məhsulları ilə arasında təxminən iki saat fasilə saxlamağı tövsiyə edir.
Süd məhsulları da diqqət tələb edir. Kalsium böyük miqdarda qəbul edildikdə dəmirin sorulmasına mane ola bilər. Buna görə dəmir çatışmazlığı olan şəxslərdə dəmir mənbəyi olan qidalarla süd, pendir və digər süd məhsullarının qəbul vaxtını ayırmaq faydalı ola bilər.
Digər tərəfdən, C vitamini dəmirin sorulmasını yaxşılaşdıra bilər. Məsələn, dəmir mənbəyi olan qidaların yanında pomidor, bibər, sitrus meyvələri və digər C vitamini mənbələrinin olması dəmirin mənimsənilməsinə kömək edə bilər.
Lakin mütəxəssislər bütün bu qidaları tamamilə rasiondan çıxarmağı məsləhət görmürlər. Harvard mənbələrində də qeyd olunur ki, çay, qəhvə, paxlalılar və tam taxıllarda olan bəzi maddələrin qida maddələrinin sorulmasına təsiri olsa da onların sağlamlıq üçün faydalı xüsusiyyətləri də mövcuddur. Əsas məsələ düzgün qidalanmaq və xüsusilə dəmir çatışmazlığı riski olan şəxslərdə qidaların qəbul vaxtına diqqət etməkdir.
Mənsumə






