Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar

Fransada kameralı ağıllı eynəklər ətrafında qalmaqal böyüyür.
Sfera.az xəbər verir ki, küçədə qadınların xəbəri və razılığı olmadan çəkilərək görüntülərinin sosial şəbəkələrdə yayılması çoxsaylı şikayətlərə səbəb olub.
Paris Prokurorluğu belə hallarla bağlı bir neçə araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə bu cür videoların yayılmasının artdığına diqqət çəkir.
Fransada rəqəmsal zorakılıq qurbanlarına yardım göstərən “e-Enfance” təşkilatına da onlarla müraciətin daxil olduğu bildirilir.
Hadisələrin bir çoxunda oxşar üsuldan istifadə olunur. Şəxslər küçədə qadınlara yaxınlaşaraq ağıllı eynəklərin daxilindəki kamera vasitəsilə onları çəkir, daha sonra həmin görüntüləri sosial şəbəkələrdə paylaşırlar. Bəzi qadınların videolar yayıldıqdan sonra təhqir və təhdidlərlə də üzləşdiyi bildirilir.
Fransa qanunvericiliyinə əsasən, şəxsin razılığı olmadan müəyyən hallarda onun görüntülərinin çəkilməsi və yayılması cinayət məsuliyyəti yarada bilər. Paris Prokurorluğunun araşdırdığı əməllər üzrə 2 ilədək həbs və 45 min avroyadək cərimə nəzərdə tutula bilər.
Məsələ Fransanın məlumatların qorunması qurumu CNIL-in də diqqətindədir. Qurum kameralı və mikrofonlu ağıllı eynəklərin insanların xəbəri olmadan görüntü və səslərin qeydə alınması baxımından şəxsi həyatın toxunulmazlığı ilə bağlı ciddi risklər yaratdığını bildirir.
Yeni nəsil ağıllı eynəklər foto və video çəkməyə, səs yazmağa, bəzi modellərdə isə sosial şəbəkələr üzərindən canlı yayım etməyə imkan verir. Bu bazarda ən çox tanınan məhsullar arasında Meta ilə Ray-Ban əməkdaşlığı çərçivəsində hazırlanan modellər də var./musavat






