“Volkswagen” ciddi dəyişikliklər edəcək

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” ciddi maliyyə problemləri fonunda köklü dəyişikliklərə hazırlaşır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət İspaniyanın məşhur avtomobil markası “Seat”ı mərhələli şəkildə bazardan çıxarmağı və gələcək strategiyasını əsasən “Cupra” üzərində qurmağı planlaşdırıb. Məlumata görə, “Seat” markasının 2029-cu il üçün nəzərdə tutulan planlarda artıq yer almadığı bildirilib.
Şirkət bu addımla xərcləri azaltmaq, idarəetmə və istehsal proseslərini sadələşdirmək, eləcə də son illərdə sürətlə böyüyən “Cupra” markasına daha çox diqqət ayırmaq istəyir. Şirkətdaxili sənədlərdə “Seat”ın gələcək taleyi ilə bağlı belə bir ifadənin yer aldığı bildirilib: “Seat”ın mövcud formada davam etdirilməsi əlavə resurslar tələb edəcək. Halbuki strateji inkişaf “Cupra” markalar qrupuna yönəldilməlidir”. “Volkswagen”in bu qərarında “Cupra”nın satış göstəricilərinin əhəmiyyətli dərəcədə artması da əsas amillərdən biri kimi göstərilib. Məlumata görə, 2026-cı ilin ilk yarısında “Cupra” 170 min avtomobil tədarük etdiyi halda, “Seat” üzrə bu göstərici 129 min avtomobil olub.
Bəsti Rəfizadə






